Zəncirbəndlərin üzərindəki kiçik metal parçanın sadəcə açmaq və bağlamaq üçün olduğunu düşünürsünüzsə, yanılırsınız. Bəzi modellərdə bu hissə zəncirbəndin özbaşına açılmasının qarşısını alan kilid mexanizminin də vacib bir hissəsidir.
Milli.Az xəbər verir ki, gündəlik həyatda istifadə etdiyimiz zəncirbəndlərin üzərindəki barmaqla qaldırılıb-endirilən metal parça "çəkmə qulpu" (pull tab) adlanır. O, sürgünü hərəkət etdirməyi asanlaşdırır, lakin hər zəncirbəndin iş prinsipi eyni deyil.
Kilid mexanizmi necə işləyir? Xüsusilə cins şalvarlarda və bəzi gödəkçələrdə istifadə edilən yarı avtomatik kilidli zəncirbəndlərdə çəkmə qulpu aşağı endirildikdə kiçik bir kilidləmə pimi dişlərə tutunur. Bu, sürgünün istəmədən aşağı sürüşməsinin və zəncirbəndin özbaşına açılmasının qarşısını alır. Qulp yuxarı qaldırıldıqda isə kilid mexanizmi deaktiv olur.
Hər zəncirbənddə bu xüsusiyyət varmı? Xeyr. Hər metal parça kilidləmə xüsusiyyətinə malik deyil; bəzi modellərdə o, yalnız sürgünü hərəkət etdirmək üçündür.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)