Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Milli.Az xəbər verir ki, görüş zamanı IDEA İctimai Birliyi ilə ICESCO arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bu xüsusda azərbaycanlı gənclərin ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahələrində beynəlxalq təcrübə qazanmaları üçün yeni imkanların yaradılması məsələsinə toxunulub.
Eyni zamanda, məktəblərdə ekoloji təhsilin təşviqi, yaşıllaşdırma, tullantıların çeşidlənməsi, suya qənaət və enerji səmərəliliyi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə gənclərin iştirakı ilə ölkəmizdə beynəlxalq ekoloji yay düşərgələrinin təşkili və biomüxtəlifliyin mühafizəsi sahəsində birgə maarifləndirmə layihələrinin icrası imkanları da nəzərdən keçirilib.
Bununla yanaşı, gənclərin ekoloji innovasiyalar sahəsində fəaliyyətinin dəstəklənməsi, hava çirklənməsi, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması və iqlim dəyişmələrinə uyğunlaşma üzrə innovativ həllərin hazırlanmasına yönəlmiş birgə fəaliyyətlərin həyata keçirilməsi perspektivləri müzakirə edilib.
X X X
Leyla Əliyeva noyabrın 14-də, həmçinin "Blue Marine" Fondunun mühafizə olunan dəniz əraziləri üzrə qlobal eksperti Maks Bello və "Great Whale Conservancy" təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax ilə görüşüb.
Görüşdə Xəzər dənizinin səviyyəsinin azalmasının dəniz ekosisteminə, biomüxtəlifliyə və sahilyanı ərazilərə təsirləri, eləcə də mövcud ekoloji çağırışların həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda, Azərbaycanda mühafizə olunan dəniz ərazilərinin genişləndirilməsi, Xəzər suitilərinin və digər nadir dəniz canlılarının mühafizəsi, onların təbii yaşayış mühitinin qorunması, eləcə də bu sahədə beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
X X X
Bu gün, eyni zamanda, Tonqanın Baş naziri Lord Fatafehi Fakafanuan COP31-də Azərbaycan pavilyonunu ziyarət edib. Pavilyonla tanış olan Baş nazirə burada qurulan stendlər və təqdim edilən layihələr barədə məlumat verilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)