Noyabrın 12-də Londonda keçirilən Maqnitski mükafatlarının verilməsi ilə bağlı təqdimetmə mərasimində Əli Kərimli də "müstəsna müxalifət siyasətçi" nominasiyası üzrə təltif olunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Əli Kərimlinin "müstəsna müxalifətçi"liyinin erməni diasporu/lobbisinin də daxil olduğu anti-Azərbaycan şəbəkəsi ilə əməkdaşlıq etmək, bu qüvvələrin Bakıya qarşı siyasi hücumlarını dəstəkləmək olduğu sirr deyil. Bunu təkcə onun siyasi keçmişinə yox, elə mükafatlandırma mərasiminə nəzərə yetirdikdə də aydın görmək olur.
Mərasimdə mükafatı Əli Kərimlinin adından alan qızı Sezən Kərimliyə Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baroness Helena Kennedi təqdim edib. Sezən Kərimli də çıxışında atasına bu mükafatın verilməsinə görə Baroness Helena Kennediyə və "Maqnistki Mükafatı"nın təsisçisi, Amerika əsilli britaniyalı maliyyəçi Bill Brauderə təşəkkür edib.
Mükafatı S. Kərimliyə təqdim edən və onun xüsusi təşəkkür etdiyi Baroness Helena Kennedinin kimliyini araşdıranda Əli Kərimlinin hansı "xidmətlərinə" görə təltif edildiyi anlaşılır.
Lordlar Palatasının üzvü Baroness Helena Kennedi Amerika Erməni Milli Komitəsi (ANCA) ilə koordinasiyalı şəkildə fəaliyyət göstərən Böyük Britaniya Erməni Milli Komitəsinin (Armenian National Committee of the United Kingdom - ANC-UK) dəstəklədiyi siyasətçidir. Baroness Kennedi ANC-UK-nin siyasi və digər dəstəkləri qarşılığında Böyük Britaniya parlamentində erməni maraqlarının müdafiəsini təşkil edir.
Burada əsas diqqətçəkən məqam B. Kennedinin fəaliyyətinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı olması, əsasən revanşist mövqedən çıxış edən erməni diasporunun təlimatları ilə Qarabağda keçmiş qondarma rejiminin maraqlarına xidmət etməsidir. Misal üçün, 2024-cü ildə Beynəlxalq Vəkillər Kollegiyasının (İnternational Bar Association - İBA) Qarabağla bağlı keçirilən tədbirlərinə spikerlik edib. Bu tədbirlərdə Qarabağdan Ermənistana qayıdan separatçı rejimin qalıqlarının Azərbaycana qarşı ərazi iddiaları və digər ittihamları dəstəklənirdi.
B. Kennedi bu ilin fevralında "Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) və Britaniya parlamentinin bir sıra üzvləri tərəfindən "Dağlıq Qarabağda mədəni irsin dağıdılması" iddiası ilə başlanan və hazırda davam edən sorğu prosesinin əsas təşkilatçılarındandır, həmçinin, "Qarabağda erməni mədəni irsinin dağıdıması iddialarını" araşdıran tədqiqata həmsədrlik edir. Sorğu prosesinin bugünədək Britaniya parlamentində keçirilən bütün dinləmələrində B. Kennedi şəxsən iştirak edib, "dəlillər təqdim edən tərəflər" qismində keçmiş qondarma rejimin "nümayəndəsi" Artak Beqlaryan, erməni diaspor təşkilatı "Center for Truth and Justice" (CFTJ) nümayəndələri, ANC-UK-un sədri Annette Moskofian və üzvü Andre Vartanianla görüşüb. Onun bu məsələ ilə bağlı görüşdüyü şəxslərdən biri də Luis Okampodur.
Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo erməni maraqlarına lobbiçilik etməsi ilə məşhurdur. Bu ilin may ayında mediada yayılan qalmaqallı görüntülərdə Luis Okampo erməni diasporunun maliyyəsi və təlimatı ilə Azərbaycana qarşı "Qarabağda etnik təmizləmə" kimi ittihamlarla beynəlxalq müstəvidə kampaniya təşkil etdiyini, hətta Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə keçmiş ali komissarı Cozep Borrelin bu prosesdə onunla işlədiyini etiraf etmişdi. B. Kennedinin Luis Okampo ilə görüşü, keçmiş separatçılar və Britaniyadakı erməni diasporunun rəhbərləri ilə birlikdə "Qarabağ iddiaları"nı dəstəkləməsi onun Azərbaycana qarşı erməni şəbəkəsinin fəallarından olduğunu deməyə əsas verir.
B. Kennedinin dəstəyi ilə "təltif edilən" Əli Kərimlinin də bu şəbəkəyə bağlı olduğu aydın görünür. Ə. Kərimlinin erməni diasporu/lobbisinin anti-Azərbaycan kampaniyaları ilə sinxron fəaliyyəti, Qarabağda suverenliyimizin bərpası prosesində ordumuzun əməliyyatlarını və dövlət siyasətini şübhə altına alan paylaşımlar etməsi, o cümlədən, 2022-ci ilin sentyabrında Ermənistanın təxribatı nəticəsində baş verən sərhəd toqquşmalarında erməniləri açıq şəkildə müdafiə etməsi unudulmayıb. Onun indi təltif edilməsi də bu xidmətlərin mükafatlandırılmasıdır.
Burada əsas məqamlardan biri Əli Kərimlinin həbs olunmasından sonra onun erməni diasporu/lobbisi ilə işbirliyinin xaricdə yaşayan övladları - qızı Sevən Kərimli və oğlu Türkel Kərimli tərəfindən həyata keçirilməsidir.
Türkel Kərimli bu ilin yazında Amerika Erməni Milli Komitəsinin (ANCA) fəal dəstəkçilərindən olan senator Piter Velçlə görüşüb, ondan atasına dəstək istəyib. Piter Velç Nümayəndələr Palatasının üzvü olduğu (2007-2023-cü illər) dövrlərdən etibarən ANCA ilə sıx əməkdaşlıq edən siyasətçilərdəndir. 2022-ci il Senat seçkilərində də ANCA-nın dəstəklədiyi namizəd kimi qalib gəlib. P. Velç İkinci Qarabağ müharibəsində Nümayəndələr Palatasında Azərbaycanın hərbi əməliyyatlarını pisləyən 1165 saylı qətnamənin həmmüəlliflərindən idi. Bununla yanaşı, ABŞ-nin Azərbaycana hərbi yardımları dayandırması, sanksiyalar tətbiq etməsi çağırışlarına qoşulub. Hərbi cinayətləri sübuta yetirilmiş keçmiş qondarma rejimin üzvlərinin azad edilməsi məqsədilə Dövlət Departamentinə edilən müraciətlərdə də P. Velç fəallığı ilə seçilir.
Əli Kərimlinin oğlu görüşdüyü şəxsin erməni maraqlarına xidmət etdiyini bilməmiş deyil, lakin onun üçün də atası kimi, şəxsi və siyasi ambisiyaları daha üstündür. O həmin Türkel Kərimlidir ki, 2016-cı ildə, həmin vaxt Qarabağ hələ də işğal altında idi, ABŞ də separatçı Bako Sakyanın oğlu Armen Saakyanla birlikdə Azərbaycanın əleyhinə çıxış etmişdi. Həmin vaxt atası Əli Kərimlinin təlimatı ilə bu addımı atan Türkel Kərimli indi bu missiyadan əl çəkməyib.
Əli Kərimlinin qızı Sevən Türkel isə Böyük Britaniyadakı erməni lobbisinin üzvləri ilə sıx təmaslar qurur. S. Türkel bu ilin sentyabr ayında Böyük Britaniya vətəndaşı, ermənipərəst mövqeyi ilə tanınan "insan haqları müdafiəçisi" Benedik Rocerslə görüşərək, atasına dəstək istəyib. Əli Kərimlinin sosial media səhifələrində bu görüşlə bağlı geniş paylaşımlar edilib. B. Rocers hələ 1994-cü ildə Qarabağa qanunsuz səfər edərək, Azərbaycan torpaqlarını "erməni anklavı", "qədim erməni torpağı" kimi təqdim edirdi. Qarabağın işğalı dövründə də daim ermənilərə dəstək verib. Belə bir şəxsin "insan haqlarının müdafiəçisi" kimi Əli Kərimlini dəstəkləməsi də ikincinin erməni diasporu/lobbisi ilə bağlantılarına diqqət çəkir.
Göründüyü kimi, Əli Kərimlinin erməni diasporu/lobbisinin də daxil olduğu anti-Azərbaycan qüvvələrlə əməkdaşlığını hazırda övladları davam etdirir. Necə deyərlər, "ot öz kökü üstündə bitər". Bu baxımdan, o qədər də təəccüblü deyil.
Əli Kərimlinin təltif edildiyi Maqnitski mükafatının təqdimetmə mərasiminin məhz 12 noyabrda keçirilməsi isə əlavə diqqət çəkir. Maqnitski mükafatlandırma mərasimi bir qayda olaraq, hər ilin noyabr ayında baş tutur. 2023-cü ildə 16 noyabr, 2024-cü ildə 14 noyabr, 2025-ci ildə isə 13 noyabr tarixində olub. Adətən bu mərasimdə mükafatı təqdim edən parlamentarilər Böyük Britaniya hökumətinə müvafiq ölkələrlə əməkdaşlıqdan çəkinmək çağırışları edirlər.
Bu il məhz 12 noyabr tarixində keçirilməsi təsadüfi deyil. Həmin gün Prezident İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri Endi Börnhem "Avropa Siyasi Birliyinin" Dublində keçirilən 9-cu sammiti çərçivəsində görüşdü. Görüşdə liderlər "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"ni mübadilə etdilər. Eyni gündə Əli Kərimlinin mükafatlandırılan şəxslərin siyahısına daxil edilməsi ermənipərəst qüvvələrin Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Britaniya hökumətinə təzyiq kimi xarakterizə edilə bilər. Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlər Azərbaycanın beynəlxalq siyasətdə mövqelərini gücləndirəcək amildir. Ermənipərəst qüvvələr də bu münasibətlərə zərər vurmaq məqsədilə Əli Kərimlidən növbəti dəfə Azərbaycana qarşı istifadə edirlər.
Əli Kərimliyə Maqnitski mükafatının verilməsi üçün lobbiçilik edənlər arasında bir nəfər də xüsusilə diqqət çəkir: Rebecca Vinsent.
Azərbaycana qarşı qərəzli münasibəti ilə tanınan R. Vinsent 2024-cü ildə Qubad İbadoğluya Maqnitski mükafatı verilən zaman münsiflər heyətində yer alırdı. Həmin vaxt o, məhz Əli Kərimlinin mükafat alması ilə bağlı "X" platformasında paylaşım etmişdi. ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş diplomatı olan Rebecca Vinsentin kəşfiyyat xidmətinin əməkdaşı olduğu, "Miledi" ləqəbi ilə casusluq fəaliyyəti göstərdiyinə dair məlumatlar var. Onun ifşa olunduqdan sonra diplomatik xidmətdən uzaqlaşdırıldığı və fəaliyyətini "ictimai fəal" kimi davam etdirdiyi deyilir. R. Vinsentin əsas fəaliyyəti Azərbaycana qarşıdır və bu işdə maraqları üs-üstə düşən erməni diasporu\lobbisi ilə sıx əməkdaşlıq edir.
Bütün bunlar Əli Kərimlinin Maqnitski mükafatı ilə təltif edilməsinin onun anti-Azərbaycan verilən qiymət olduğunu deməyə əsas verir.
Aslan Vəliyev
Milli.Az