175 il əvvəl Rusiya imperatoru I Nikolayın təşəbbüsü ilə istifadəyə verilən Sankt-Peterburq-Moskva dəmir yolu çar Rusiyasından SSRİ-yə, İkinci Dünya müharibəsindən müasir Rusiyaya qədər böyük tarixi hadisələrin şahidi olub.
Milli.Az musavat.com-a istinadən bildirir ki, vaxtilə iki şəhər arasında təxminən 22 saat davam edən səfərin müddəti sovet dövründə tədricən azaldılıb, hazırda isə təxminən dörd saat təşkil edir. Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti dövründə həyata keçirilən yeni yüksəksürətli dəmir yolu layihəsi bu müddətin 2 saat 15 dəqiqəyə endirilməsini nəzərdə tutur.
1851-ci il noyabrın 13-də Rusiya imperiyasının iki paytaxtını - Sankt-Peterburq və Moskvanı birləşdirən dəmir yolu magistralında müntəzəm sərnişin daşımalarına başlanılıb. XIX əsrin ən böyük mühəndislik layihələrindən biri sayılan magistral Rusiyanın nəqliyyat sistemini, iqtisadi əlaqələrini və insanların səyahət imkanlarını əhəmiyyətli dərəcədə dəyişib.
Dəmir yolunun tikintisi imperator I Nikolayın təşəbbüsü ilə həyata keçirilib. Layihə böyük maliyyə xərcləri səbəbindən bəzi dövlət məmurlarının etirazı ilə qarşılaşsa da, imperator iki şəhər arasında sürətli nəqliyyat əlaqəsinin yaradılmasını dövlət əhəmiyyətli məsələ hesab edib.
İmperatorun qərarı, səkkiz illik tikinti və ilk tarixi səfər
1842-ci il fevralın 13-də I Nikolay Sankt-Peterburq-Moskva dəmir yolunun tikintisi haqqında fərman imzalayıb. 1843-cü ildə genişmiqyaslı inşaat işlərinə başlanılıb.
Tikinti zamanı bataqlıqlar qurudulub, torpaq bəndləri salınıb, çaylar üzərində körpülər tikilib. İşlərin böyük hissəsi ağır əl əməyi ilə yerinə yetirilib.
Layihələndirmə və tikinti işlərinə müxtəlif mərhələlərdə ümumilikdə 800 mindən çox işçi cəlb olunub. Onların arasında təhkimli kəndlilər də olub. Ağır əmək şəraiti, xəstəliklər və bədbəxt hadisələr işçilərin həyatına ciddi təhlükə yaradıb.
Dəmir yolunun uzunluğu təxminən 644 kilometr olub. Relslər arasında 1524 millimetrlik məsafə seçilib. Sonradan bu ölçü Rusiya imperiyası və SSRİ dəmir yollarının əsas standartına çevrilib.
Sankt-Peterburq və Moskvadakı vağzal binaları məşhur memar Konstantin Tonun layihəsi əsasında oxşar memarlıq üslubunda inşa edilib. Həmin dövrdə magistral dünyanın ən uzun ikixətli dəmir yolu hesab olunurdu.
Müntəzəm sərnişin daşımalarına başlanmazdan əvvəl, 1851-ci ilin avqustunda magistralla hərbi hissələr daşınıb. Daha sonra imperator I Nikolay ailəsi ilə birlikdə yeni dəmir yolundan istifadə edərək Moskvaya səfər edib.
1851-ci il noyabrın 13-də, köhnə təqvimlə noyabrın 1-də ilk müntəzəm sərnişin qatarı Sankt-Peterburqdan Moskvaya yola düşüb.
Qatar saat 11:15-də hərəkətə başlayıb və ertəsi gün səhər saat 09:00-da Moskvaya çatıb. Səfər 21 saat 45 dəqiqə davam edib.
Tarixi reysdə 192 sərnişin olub. Qatarın tərkibinə bir parovoz, iki yumşaq oturacaqlı, üç sərt oturacaqlı sərnişin vaqonu və bir baqaj vaqonu daxil edilib.
Həmin gün vağzalda böyük izdiham yaşanıb. Dövrün mətbuatında yazıldığına görə, sərnişinlər biletlərini alır, baqajlarını təhvil verir və qatarın yola düşməsini gözləyirdilər. Saat 11:15-də 154 nömrəli parovozun hərəkətə başlaması alqışlarla qarşılanıb.
Əvvəllər at arabaları ilə günlərlə davam edən səfərin bir sutkadan az müddətdə başa çatması böyük texnoloji nailiyyət hesab olunub. Dəmir yolu sərnişin və yük daşımalarını sürətləndirməklə yanaşı, ordunun hərəkəti, dövlət idarəçiliyi və ticarətin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyıb.
1855-ci ildə I Nikolayın ölümündən sonra magistrala onun adı verilib. Dəmir yolu Nikolayev dəmir yolu kimi tanınmağa başlayıb.
İnqilab, sovet hakimiyyəti və İkinci Dünya müharibəsi
1917-ci ildə Rusiyada baş verən inqilablar ölkənin siyasi quruluşunu dəyişdirib. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra 1918-ci ilin martında paytaxt Petroqraddan Moskvaya köçürülüb.
Beləliklə, vaxtilə Rusiya imperiyasının iki paytaxtını birləşdirən dəmir yolu yeni siyasi şəraitdə Moskvanı ölkənin ən mühüm sənaye, nəqliyyat və mədəniyyət mərkəzlərindən biri ilə əlaqələndirən əsas magistrallardan birinə çevrilib.
1923-cü ildə Nikolayev dəmir yolunun adı dəyişdirilərək Oktyabr dəmir yolu adlandırılıb. Bu qərar 1917-ci ilin Oktyabr inqilabı ilə əlaqədar qəbul edilib.
1931-ci ildə Moskva ilə Leninqrad arasında "Krasnaya Strela" - "Qırmızı ox" adlı sürətli sərnişin qatarı fəaliyyətə başlayıb.
Bu qatar sovet dövrünün ən məşhur dəmir yolu marşrutlarından birinə çevrilib. Gecə saatlarında yola düşən sərnişinlər səhər digər şəhərə çatırdılar. Marşrutdan dövlət məmurları, elm və mədəniyyət xadimləri, eləcə də adi sərnişinlər istifadə edirdilər.
1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücumundan sonra Moskva-Leninqrad dəmir yolu hərbi-strateji əhəmiyyət qazanıb.
Alman qoşunlarının irəliləməsi nəticəsində Leninqradın ölkənin digər əraziləri ilə quru əlaqələri kəsilib. 1941-ci il sentyabrın 8-də şəhərin mühasirəsi başlanıb.
Moskva ilə Leninqrad arasında birbaşa dəmir yolu əlaqəsinin kəsilməsi şəhərin ərzaq və hərbi təchizatını son dərəcə çətinləşdirib.
Mühasirə zamanı Ladoqa gölü üzərindən "Həyat yolu" adlandırılan nəqliyyat marşrutu yaradılıb. Qışda donmuş gölün üzərindən avtomobillərlə ərzaq və digər yüklər daşınıb, sakinlər təxliyə edilib.
1943-cü ilin yanvarında mühasirənin yarılması nəticəsində şəhərlə quru əlaqəsini bərpa etmək üçün dar dəhliz açılıb. Həmin ərazidə qısa müddətdə yeni dəmir yolu xətti çəkilib və Leninqrada qatarların hərəkəti qismən bərpa olunub.
1944-cü il yanvarın 27-də Leninqrad mühasirəsi tam aradan qaldırılıb. Müharibədən sonra zədələnmiş dəmir yolu infrastrukturu bərpa edilib.
Sonrakı onilliklərdə Moskva-Leninqrad magistralında geniş modernləşdirmə işləri aparılıb. Buxar lokomotivlərini tədricən elektrik lokomotivləri əvəz edib.
1962-ci ildə Moskva-Leninqrad xəttinin elektrikləşdirilməsi tamamlanıb. Bu dəyişiklik qatarların sürətinin artırılmasına və daşımaların daha səmərəli təşkilinə imkan yaradıb.
1984-cü ildə marşrutda ER200 adlı yüksəksürətli elektrik qatarının müntəzəm istismarına başlanılıb. Saatda 200 kilometr sürət üçün layihələndirilən ER200 SSRİ-də sərnişin dəmir yolu nəqliyyatının mühüm texnoloji nailiyyətlərindən biri hesab olunurdu.
1991-ci ildə SSRİ-nin dağılması ilə ölkənin siyasi və iqtisadi həyatında yeni dövr başlayıb. Həmin ilin sentyabrında Leninqrad şəhərinin tarixi Sankt-Peterburq adı bərpa edilib.
Dəmir yolu isə fəaliyyətini Rusiya Federasiyasının nəqliyyat sisteminin tərkibində davam etdirib.
Müasir dövr - 21 saat 45 dəqiqədən 2 saat 15 dəqiqəyə
2009-cu il dekabrın 17-də Moskva ilə Sankt-Peterburq arasında "Sapsan" yüksəksürətli qatarlarının müntəzəm hərəkətinə başlanılıb.
Almaniyanın Siemens şirkətinin istehsal etdiyi bu qatarlar saatda 250 kilometrədək sürətlə hərəkət etmək imkanına malikdir.
"Sapsan" qatarları iki şəhər arasındakı səfər müddətini təxminən dörd saata endirib. Bununla da 1851-ci ildə 21 saat 45 dəqiqə davam edən səyahət beş dəfədən çox qısalıb.
Müasir qatarlar rahat oturacaqlar, elektron məlumatlandırma sistemləri və digər sərnişin xidmətləri ilə təchiz olunub.
Rusiyada hazırda Moskva ilə Sankt-Peterburq arasında ayrıca yüksəksürətli dəmir yolu magistralının tikintisi həyata keçirilir.
Yeni xəttin uzunluğu 679 kilometr olacaq. Layihə çərçivəsində saatda 400 kilometrədək sürət yığmaq imkanına malik qatarların istifadəsi nəzərdə tutulur. Planlaşdırılan istismar sürəti isə saatda 360 kilometrədəkdir.
Magistralın tikintisi üçün dövlət və özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulub. Layihənin dəyəri 2,3 trilyon rubldan çox qiymətləndirilib.
Yeni dəmir yolu istifadəyə verildikdən sonra Moskva ilə Sankt-Peterburq arasındakı səfər müddətinin 2 saat 15 dəqiqəyə endirilməsi planlaşdırılır.
Layihə Tver və Velikiy Novqorod istiqamətlərində də nəqliyyat əlaqələrini sürətləndirəcək. Moskva ilə Tver arasında səfərin təxminən 40 dəqiqəyə, Sankt-Peterburqdan Velikiy Novqoroda gedişin isə yarım saata endirilməsi nəzərdə tutulur.
Rusiya Nəqliyyat Nazirliyinin açıqladığı plana əsasən, magistralın 2028-ci ildə tamamlanması hədəflənir. Yeni xəttin istifadəyə verilməsi mövcud dəmir yolu şəbəkəsində əlavə yük daşımaları üçün də imkan yaradacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)