Azərbaycan idmançıları Şimali Makedoniyanın Skopye şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatında uğurlu nəticələr əldə ediblər.
Milli.Az xəbər verir ki, təmsilçilərimizdən Eduard Məmmədov iki qızıl, Fuad Zeynalov isə bir gümüş medala sahib çıxıb.
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovniki Eduard Məmmədov WAKO versiyası üzrə qitə birinciliyində "Master Class" kateqoriyasının 63 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Təcrübəli idmançı həm "Light Contact", həm də "Kick Light" növlərində bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Məmmədov "Light Contact" yarışında İtaliya təmsilçisi Alessandro La Mantia və portuqaliyalı Emanuel Kortesə, "Kick Light" növündə isə macar Marton Hasz və Alessandro La Mantia üzərində qələbə qazanıb. Beləliklə, o, karyerasında 13-cü dəfə Avropa çempionu tituluna yiyələnib.
Dünya və Avropa çempionu Fuad Zeynalov da qitə birinciliyini medalla başa vurub. "Masterlər" kateqoriyasında 94 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala qədər irəliləsə də, həlledici görüşdə İsrail təmsilçisinə aldığı xəbərdarlıq səbəbindən məğlub olaraq gümüş medalla kifayətlənib.
Fuad Zeynalov sosial şəbəkədəki paylaşımında əsas məqsədinin qızıl medal olduğunu qeyd edib. O, əldə etdiyi nəticənin arxasında uzunmüddətli hazırlıq, intizam və böyük zəhmətin dayandığını vurğulayaraq dəstək göstərən hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, ağır çəkidə "Masterlər" yarışlarında indiyədək Azərbaycan idmançıları medal qazana bilməmişdilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)