Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)

13 Noyabr 2026 11:42

Aktyor Ruslan Sabirlinin Qazaxıstanın Almatı şəhərində qaldığı mənzildə yanğın hadisəsi yaşanıb.

Milli.Az xəbər verir ki, aktyor təhlükəli vəziyyətə müdaxilə edərək evdə olan insanları xilas edə bilib.

O, hadisə barədə sosial şəbəkə hesabında məlumat verib. Bildirib ki, baş rol və antaqonist obrazını canlandıracağı bədii filmin çəkilişləri üçün Almatıya gedib. Hadisə isə işlə bağlı prodüserinin evində toplaşdıqları zaman baş verib.

Aktyorun sözlərinə görə, mənzildəki qaz sobası qəfil alışıb və alov qısa müddətdə güclənərək evi qatı, zəhərli tüstüyə bürüyüb. Ruslan Sabirli özünü itirmədən qaz borusunun ventilini bağlayıb, daha sonra alovu söndürmək üçün müdaxilə edib. O, sobanın daxilindəki yanıcı maddələri də çıxararaq yanğının pərdələrə və mebellərə keçməsinin qarşısını alıb.

Sabirli bildirib ki, hadisə yerinə polis və yanğınsöndürənlər gəlsə də, həmin vaxta qədər alovu özü söndürə bilib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan və ya həyatını itirən olmayıb.

Aktyor, həmçinin, yanğın zamanı tüstüdən zəhərlənmiş ola biləcəyini ehtimal edir. İlkin mərhələdə bunu hiss etmədiyini, sonradan isə baş ağrılarının başladığını qeyd edib.

"Bu gün xəstəxanaya gedirəm. Dualarınız əskik olmasın", - deyə Ruslan Sabirli paylaşımında yazıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)