- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro

13 Noyabr 2026 10:38

Rusiya imperatoru I Nikolayın qızı Olqa Nikolayevnaya məxsus olduğu ehtimal edilən çay və qəhvə servizi Fransada keçirilən hərracda 321 440 avroya satılıb. Lotun yekun qiyməti ilkin dəyər təxminini dörd dəfədən çox üstələyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hərrac Paris yaxınlığında yerləşən "Aguttes" auksion evində keçirilib. Məlumat auksion evinin rəsmi saytında dərc olunub.

Əvvəlcə imperator servizinin 40-80 min avroya satılacağı ehtimal edilirdi. Qeyd edək ki, açıqlanan 321 440 avroluq məbləğə vergilər və komissiya xərcləri də daxildir.

Serviz 1840-cı ildə Sankt-Peterburqda sənətkarlar Karl İohann Tegelsten və Henrix Avqust Lanq tərəfindən hazırlanıb. Sifariş isə Rusiya imperator sarayını müxtəlif məmulatlarla təmin edən "Nicholls & Plincke" zərgərlik şirkəti üçün nəzərdə tutulub.

Səkkiz əşyadan ibarət kolleksiyaya samovar, qəhvədan, çaydan, qəndqabı, südqabı, süzgəc, qənd maşası və böyük oval sini daxildir. Bütün əşyalar 875 əyarlı qızıl suyuna çəkilmiş gümüşdən hazırlanıb.

Servizin bəzəklərində bitki naxışları, meyvə girlyandları, ximera və şir pəncəsi təsvirlərindən istifadə olunub. Bəzi əşyaların qulpları isə Psixeyanı təcəssüm etdirən qanadlı qadın fiqurları formasındadır.

"Aguttes" mütəxəssislərinin qənaətinə görə, servis imperator I Nikolayın qızı Olqa Nikolayevnanın (1822-1892) cehizinin bir hissəsi kimi sifariş edilib. Onun cehizinə təxminən 500 ədəd gümüş qab-qacaq daxil olub. Həmin əşyaların bir qismi hazırda Rusiyanın müxtəlif muzeylərində, o cümlədən Sankt-Peterburqda saxlanılır, digər hissəsi isə şəxsi kolleksiyalardadır.

Auksion evinin nümayəndələri bildiriblər ki, lotun əsas dəyəri onun yaxşı qorunub saxlanılması ilə bağlıdır. XIX əsrə aid imperator servizinin demək olar ki, tam dəst şəklində hərraca çıxarılması nadir hadisə hesab olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)