Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)

13 Noyabr 2026 10:31

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək avtoxuliqanlıq edən sürücü 45 sutka inzibati qaydada həbs edilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaradan "QAZ 3110" markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nəcəf Mehdiyev DYP əməkdaşları tərəfindən saxlanılıb.

İlkin araşdırma zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə göndərilib. Müayinə nəticəsində N.Mehdiyevin narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Mehdiyevin nəqliyyat vasitəsini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 45 sutka inzibati qaydada həbs edilib.