Hakimi təhqir etdilər, 4 oyunluq cəza aldılar - AFFA-dan qərar

12 Noyabr 2026 16:06

AFFA İntizam Komitəsi Azərbaycan 2-ci Liqasının 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

"Şəmkir" - "Ağstafa Gəncləri" matçında "Şəmkir"in futbolçusu Fuad Əhmədov oyunun 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyunluq cəzalandırılıb, klubu isə 1000 manat cərimələnib. Həmin görüşdə "Ağstafa Gəncləri"nin 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 70 manat cərimə olunub.

"Hypers" - "Kür-Araz" qarşılaşmasında təşkilati-texniki öhdəliklərin pozulması cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün "Hypers" 200 manat cərimələnib. Bundan başqa, oyundan sonra meydançaya kənar şəxsin daxil olması da ikinci dəfə qeydə alındığından kluba əlavə 500 manat cərimə tətbiq edilib. Həmin matçda "Kür-Araz"ın 5 futbolçusu sarı vərəqə aldığı üçün komanda 70 manat cərimələnib.

"Difai" - "Zəngəzur" oyununda isə "Difai"nin 4 futbolçusunun sarı vərəqə almasına görə kluba 70 manat cərimə kəsilib. Matçın 84-cü dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan "Difai"nin məşqçisi Əli Hüseynov da 4 oyunluq cəzalandırılıb. Klub bu səbəbdən 1000 manat cərimə ödəyəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)