Rusiyada polkovnikə qarşı sui-qəsdin detalları - Bomba hava şarı ilə göndərilib

12 Noyabr 2026 15:44

Rusiya Silahlı Qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı ordusunun polkovnikinin avtomobilinə yerləşdirilən bombanın Leninqrad vilayətinə Baltikyanı ölkələrdən birindən hava şarı vasitəsilə gətirildiyi iddia olunur.

Milli.Az xəbər verir ki, bu barədə "Fontanka" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bomba təhvil alındıqdan sonra gizli yerdə saxlanılıb. Bir müddət sonra isə onu Sankt-Peterburq sakini götürüb.

Həmin şəxs partlayıcı qurğunu polkovnikin avtomobilinə yerləşdirdikdən bir neçə saat sonra İstanbula uçub. Partlayış baş verən vaxt isə artıq Moldovanın ərazisində olub.

Rusiya mediası hadisədə şübhəli bilinən şəxsin kimliyinin müəyyən edildiyini yazsa da, onun adını açıqlamayıb.

Xatırladaq ki, Sankt-Peterburq yaxınlığındakı Şuşarı qəsəbəsində avtomobil partladılmış, hadisə nəticəsində Rusiya Ordusunun polkovniki həlak olmuş, onun yanında olan ailə üzvü isə yaralanmışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)