"Barselona" klubu azarkeşlərinə vəfat etmiş yaxınlarının külünü "Spotify Kamp Nou" stadionunda saxlamaq imkanı yaradacaq.
Milli.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
"Memorial FC Barcelona" adlanan layihə çərçivəsində stadionun daxilində, futbol meydanından bir neçə metr məsafədə xüsusi kolumbarium inşa ediləcək. Burada azarkeşlər vəfat etmiş yaxınlarının külü olan qablar üçün yer əldə edə biləcəklər. Xidmətdən dünyanın istənilən ölkəsində yaşayan şəxslər, klubun üzvü olub-olmamasından asılı olmayaraq, yararlana biləcəklər.
Kolumbariumda yerlər 10, 25 və 50 il müddətinə təklif olunacaq. Müddətə uyğun olaraq qiymətlər 2 490, 4 990 və 5 990 avrodan başlayır. Bundan əlavə, kül qabı və rəsmiləşdirmə üçün 180 avro, illik texniki xidmətə görə isə 70 avro ödənilməlidir.
Klubun açıqlamasına görə, layihənin ilk mərhələsinin 2027-ci ilin sonunda, ikinci mərhələsinin isə 2028-ci ilin ortalarında istifadəyə verilməsi nəzərdə tutulur.
Ümumi sahəsi 1 500 kvadratmetr olacaq memorial kompleksdə kolumbariumlarla yanaşı, xatirə lövhələri də yerləşdiriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)