Qəza törədib atasının ölümünə səbəb oldu - Məhkəmə qərar verdi

12 Noyabr 2026 12:47

Bakı Apellyasiya Məhkəməsi atasının ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirli bilinən sürücüyə təyin edilmiş həbs cəzasını şərti tətbiq edib.

Bakı Apellyasiya Məhkəməsinin verdiyi məlumata əsasən, məhkuma təyin olunmuş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunub.

İşin hallarına əsasən, hadisə 2025-ci il iyulun 13-də saat 22:10 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Mehdiabad-Pirşağı şossesində baş verib.

"Kia Rio" markalı avtomobilin sürücüsü sürət həddi saatda 60 kilometr olan yolda 90-100 km/saat sürətlə hərəkət edib. O, qarşısındakı "Hyundai Santa Fe"ni ötmək üçün bütöv xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxıb və qarşıdan gələn "Skoda Rapid"lə toqquşub. Toqquşmadan sonra "Kia Rio" yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə "Kia Rio"da sərnişin olan sürücünün atası aldığı ağır xəsarətlərdən ölüb. Həmin avtomobildəki digər iki sərnişinin sağlamlığına ağır, "Skoda Rapid"in sürücüsü və sərnişininin sağlamlığına isə az ağır zərər dəyib.

Ekspertiza nəticəsində sürücünün yol hərəkəti qaydalarının tələblərinə riayət etmədiyi və hadisənin qarşısını almağa texniki imkanının olduğu müəyyənləşdirilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Məhkum, ölən şəxsin hüquqi varisi və digər iki zərərçəkmiş apellyasiya şikayətləri verərək cəzanın yüngülləşdirilməsini və şərti tətbiqini istəyiblər.

Şikayətlərdə məhkumun əməlindən peşman olduğu, zərərçəkmişlərlə barışdığı və dəymiş ziyanı ödədiyi bildirilib. Zərərçəkmişlər ona qarşı şikayət və tələblərinin qalmadığını, onun azadlıqdan məhrum edilməsini istəmədiklərini qeyd ediblər. Məhkumun ailənin yeganə gəlir gətirən üzvü olduğu da məhkəmənin diqqətinə çatdırılıb.

Məhkəmə kollegiyası təqsirliliklə bağlı nəticəni qanuni və əsaslı hesab edib. Bununla yanaşı, məhkumun əvvəllər məhkum olunmamasını, zərərçəkmişlərlə və ölən şəxsin hüquqi varisi ilə barışmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb.

Kollegiya məhkumun azadlıqdan məhrumetmə cəzasını real çəkmədən islah olunmasının mümkünlüyü qənaətinə gələrək apellyasiya şikayətlərini təmin edib və hökmü cəzanın tətbiqi hissəsində dəyişdirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)