Məşhur aktyor İstanbuldan köçüb qoz bağında çalışmağa başladı – 1000-ə yaxın ağacı var - (Foto)

12 Noyabr 2026 11:00

Türkiyəli aktyor Burak Hakkı həyatında fərqli istiqamət seçərək aktyorluqla yanaşı, kənd təsərrüfatı sahəsində də fəaliyyət göstərir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kaybolan Yıllar", "Dudaktan Kalbe", "Yer Gök Aşk" və "Gurbet Kadını" serialları ilə tanınan sənətçi illər əvvəl İstanbuldan ayrılaraq Çanaqqalada məskunlaşıb. O, burada qoz yetişdirilməsi ilə məşğul olmağa başlayıb.

Məlumata görə, aktyorun təsərrüfatında 800-1000-ə yaxın qoz ağacı var. Anasının dəstəyi ilə bağın qayğısına qalan Burak Hakkı istehsal prosesində peşəkar üsullardan yararlanır.

Sənətçi məhsuldarlığın ağacların yaşından və onlara göstərilən qulluqdan asılı olduğunu bildirib. Onun sözlərinə görə, lazımi şərait yaradıldıqda bir ağacdan 50 kiloqrama qədər qoz əldə etmək mümkündür.

Bununla yanaşı, Burak Hakkı aktyorluq fəaliyyətini də davam etdirmək niyyətindədir. Yeni layihələrlə bağlı seçimlərini açıqlayan sənətçi rolun özündən daha çox ekran işinin ümumi məzmununa və tamaşaçıların marağına diqqət yetirdiyini vurğulayıb.

"Mən layihələri seçirəm, personajlara baxmıram. İzləyicilər tərəfindən bəyənilib-bəyənilməyəcəyini ümumi şəkildə dəyərləndirirəm", - deyə aktyor bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)