"Çelsi" klubunun müqavilə ilə məxsus olduğu, icarə əsasında İtaliyanın "Komo" komandasında çıxış edən qapıçı Robert Sançes Almaniyada avtomobil qəzası keçirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Almaniyanın məşhur "Nürburqrinq" yarış trasında həvəskar avtomobil yürüşü zamanı qeydə alınıb. 28 yaşlı ispaniyalı qolkiper təxminən 400 min dollar dəyərində olan "Ferrari" markalı avtomobilini idarə edərkən qəza törədib.
Məlumata görə, Sançes yüksək sürətlə hərəkət edərkən avtomobilə nəzarəti itirib və saatda təxminən 112 kilometr sürətlə təhlükəsizlik baryerinə çırpılıb. Güclü zərbədən sonra maşının ön hissəsi ciddi zədələnib, avtomobilin qırıntıları isə trasın müxtəlif hissələrinə dağılıb.
Hadisə zamanı qapıçının xəsarət almadığı bildirilir. Şahidlərdən biri Sançesin qəzadan sonra avtomobildən özbaşına çıxdığını və dağılan maşının hissələrini toplamağa başladığını deyib.
Qeyd edək ki, Robert Sançes sentyabr ayında "Çelsi"dən icarə əsasında "Komo"ya keçib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)