Perunun cənubundakı İka bölgəsində aparılan arxeoloji qazıntılar zamanı təxminən 1600 il əvvəl yaşamış qədim Naska xalqına məxsus qəbiristanlıqda üzünün ortasında tək göz yuvası olan körpənin qalıqları aşkar edilib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Kaliforniya Universitetinin antropoloqu Lars Feren-Şmits "Live Science" nəşrinə verdiyi açıqlamada Palpa vadisindəki Jauranga arxeoloji ərazisində aşkarlanan skeletin siklopiya (təkgözlülük) əlamətləri daşıdığını bildirib.
Aparılan DNT analizləri müəyyən edib ki, körpənin 13-cü xromosomunun əlavə surəti olub. Mütəxəssislər bu nadir anadangəlmə qüsurun məhz "13-cü trisomiya" adlanan xromosom anomaliyasından qaynaqlandığını təsdiqləyiblər. Antropoloqlar körpənin doğumdan sonra nə qədər yaşadığı barədə dəqiq məlumata malik olmadıqlarını qeyd ediblər.
Tibb və antropologiya elmində siklopiya kimi tanınan bu nadir anadangəlmə anomaliya erkən hamiləlik dövründə embrional ön beynin sağ və sol yarımkürələrə düzgün ayrılmaması nəticəsində yaranır. Bu inkişaf pozuntusu üzün mərkəzində iki ayrı göz yerinə tək bir göz yuvasının formalaşmasına gətirib çıxarır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)