Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yol hərəkətinin təşkili sakinlər üçün ciddi narahatlığa çevrilib.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, evlərinə avtomobillə qayıtmaq istəyən sürücülər yoldakı bütöv xətt səbəbindən sola dönə bilmirlər. Bu qaydanı pozaraq dönənlər isə 100 manat cərimə olunur və 3 cərimə balı alırlar.
Nəticədə sürücülər evlərinə çatmaq üçün əlavə yol qət etməli, bəzi hallarda təxminən bir kilometr irəliləyərək yanacaqdoldurma məntəqəsinin yaxınlığından geriyə dönməli olurlar. Bu isə həm vaxt itkisinə, həm də həmin ərazidə nəqliyyat sıxlığının artmasına səbəb olur.
Sakinləri narahat edən yeganə məsələ avtomobillərin hərəkəti deyil. Onlar ərazidə piyada keçidinin olmamasının, zəif işıqlandırmanın və yüksək sürətlə hərəkət edən yük avtomobillərinin xüsusilə məktəbə gedən uşaqlar üçün təhlükə yaratdığını bildirirlər.
Vətəndaşların iddiasına görə, həmin ərazidə bir neçə yol-nəqliyyat hadisəsi də baş verib. Onlar problemin həlli üçün yol nişanlanmasının yenidən nəzərdən keçirilməsini, uyğun yerdə qırıq xətt və piyada keçidinin çəkilməsini, həmçinin sürət həddinin aşağı salınmasını istəyirlər.
Sakinlər qeyd ediblər ki, mövcud yol şəraiti dəyişdirilməsə, həm sürücülər, həm də piyadalar üçün çətinliklər davam edəcək.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)