Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzotero İtaliyanın tanınmış klublarının diqqətini çəkib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Sampdoriya"nın 18 yaşlı hücumçusu "Yuventus" və "Montsa"nın maraq dairəsindədir.
İtaliyalı jurnalist Nikolo Şiranın yaydığı məlumata görə, "Montsa"nın skautu noyabrın 8-də keçirilən "Karrareze" - "Sampdoriya" qarşılaşmasını tribunadan izləyib. Onun əsas məqsədi Mezzoteronun oyununu dəyərləndirmək olub.
Beləliklə, "Montsa" gənc hücumçu ilə maraqlanan klublar sırasına qoşulub. Hələlik tərəflər arasında rəsmi danışıqların aparıldığı barədə məlumat yoxdur.
Bu arada, "Sampdoriya" Mezzoteronu komandada saxlamağa çalışır. Məlumata görə, klub futbolçunun atası ilə müqavilənin müddətini 2030-cu ilin yayına qədər uzatmaq üçün danışıqlara başlayıb. Hazırkı anlaşma 2028-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov ilk dəfə Mezzoteronu əsas yığmaya dəvət etsə də, futbolçu "Karrareze" ilə matçda aldığı zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan"ın hücumçusu Ağadadaş Salyanski milliyə çağırılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)