Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb.
Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:
"Hörmətli xanım Prezident,
Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".
Qeyd edək ki, Bolqarıstanda Yambol şəhəri yaxınlığında yerləşən "Frakiya" avtomagistralında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bolqarıstanın Daxili İşlər Nazirliyinin son açıqlamasında ümumilikdə 86 nəqliyyat vasitəsinin qəzaya düşdüyü bildirilib. Qəza sıx duman və görmə məsafəsinin kəskin azalması fonunda baş verib.
Hadisə nəticəsində 12 nəfər ölüb, 51 nəfər yaralanıb. Onlardan 13-nün vəziyyəti ağır qiymətləndirilib.
Qəza ilə əlaqədar noyabrın 11-də Bolqarıstanda matəm günü elan edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)