8 Noyabr - Zəfər Günü münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının yaradıcı kollektivi və solistlərinin iştirakı ilə xüsusi videoçarx hazırlanıb.
"Biz 30 illik həsrəti 44 günə bitirdik!" şüarı ilə ərsəyə gələn videoçarx Azərbaycan xalqının şanlı Zəfər tarixini, Vətənə bağlılığını, qəhrəmanlığını, şəhidlərimizin əziz xatirəsini və Qarabağın yenidən dirçəlişini əks etdirir.
Layihənin əsas ideyası müxtəlif fikirlərin vahid məna ətrafında birləşdirilməsinə əsaslanır. Səsləndirilən hər bir cümlə Zəfərin ayrı-ayrı məqamlarını ifadə edərək böyük bir qürur hekayəsini tamamlayır. Döyüş səhnələrini, tarixi anları, xalqımızın Qələbə sevincini və Qarabağda aparılan quruculuq işlərini əks etdirən kadrlar videoçarxın emosional təsirini daha da gücləndirir.
Hər birimizin yaddaşında əbədi yaşayacaq 44 günlük Vətən müharibəsi xalqımızın birliyinin, ordumuzun gücünün və qəhrəmanlığının təntənəsi olub. Bu Zəfər xalqımıza yalnız torpaqlarımızı deyil, həm də illərlə qəlbimizdə yaşatdığımız ümidləri, arzuları və doğma yurda qovuşmaq sevincini bəxş edib.
Layihənin yaradıcıları bu əlamətdar gün münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərimizə şəfa və möhkəm cansağlığı arzulayıblar.
Videoçarxda Xalq artistləri Gülyanaq Məmmədova və Gülyaz Məmmədova, Əməkdar artist Qorxmaz Qurbanov, Qarabağ qazisi İdris Hüseynov, həmçinin Ellada Həsənova, Hüseynağa Aslanov, İlhamə Qasımova, Fəxri Kazım-Nicat, Aynur İsgəndərli və Rövşən Qəhrəmanov iştirak ediblər.
Layihənin ideya müəllifi - Ülviyyə Bəbirova.
Rejissorlar - Təhminə Hümbətova və Orxan Qurbanov.
Montaj rejissoru - Elnur Ehtiramoğlu.