Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 112-yə çatıb.
Milli.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Əl-Əyyat şəhəri yaxınlığında baş verib.
Nazirliyin məlumatına görə, xəsarət alanlardan 45-i artıq xəstəxanadan evə buraxılıb. Vəziyyəti yaxşılaşan daha 7 nəfərin yaxın vaxtlarda xəstəxanadan buraxılması gözlənilir.
Qeyd edək ki, noyabrın 8-də səhər saatlarında Gizadan Fəyyuma hərəkət edən sərnişin qatarı Qahirədən Asuana gedən digər qatarın arxa hissəsinə çırpılıb.
Toqquşma nəticəsində bir neçə vaqon relsdən çıxıb.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Dövlət başçısı hadisənin araşdırılması və faciəyə səbəb olan səhlənkarlığa yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi barədə göstəriş verib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)