“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Foto/Video)

8 Noyabr 2026 20:30

Almaniya daxili siyasətində radikalizmə və antisemitizmə qarşı "sıfır dözümlülük" dövrü başlayır. Kansler Fridrix Mertsin Xolokostu və Almaniyanın tarixi məsuliyyətini inkar edən immiqrantların ölkəni tərk etməli olduğu barədə qəti bəyanatı rəsmi Berlinin miqrasiya xəttində köklü dönüşün anonsudur. Bu sərtləşən kurs fonunda diqqət mərkəzinə gələn əsas suallardan biri illər əvvəl Azərbaycandakı Nardaran hadisələrindən sonra Almaniyaya sığınmış "Müsəlman Birliyi Hərəkatı" (MBH) üzvlərinin aqibətinin necə olacağıdır.

Siyasi sığınacaq pərdəsi arxasındakı radikal ideologiya

Vaxtilə özlərini Avropa ictimaiyyətinə "siyasi təqib qurbanı" kimi təqdim edərək Almaniyada hüquqi toxunulmazlıq və sığınacaq statusu qazanan MBH fəalları əslində mülayim müxalifətçilikdən çox uzaqdırlar. Ekspertlərin təhlillərinə görə, təşkilatın idarəetmə strukturu və ideoloji xətti Yaxın Şərqdə fəaliyyət göstərən proksi qruplaşmalarla (məsələn, "Hizbullah" tipli təşkilatlarla) böyük bənzərlik təşkil edir. İranın teokratik rejimi tərəfindən idarə olunan və maliyyələşdirilən bu qrupun Avropa şəhərlərindəki fəaliyyəti artıq yerli xüsusi xidmət orqanlarının və ictimaiyyətin diqqətindən yayına bilməz.

Aksiyalar İran xəttini və antisemitizmi çılpaqlığı ilə ortaya qoydu

Almaniya şəhərlərində keçirilən kütləvi aksiyalar zamanı MBH üzvlərinin açıq şəkildə İran bayraqları və teokratik rejimin liderlərinin posterlərini qaldırması onların əsl missiyasını üzə çıxardı. Qərbə və İsrailə qarşı sərgilənən düşmən mövqe Tehranın rəsmi xətti ilə tam üst-üstə düşür. Ən təhlükəli məqam isə bu qrupların sadəcə siyasi şüarlarla kifayətlənməyərək Holokostu inkar etməsi və yəhudi xalqının fiziki mövcudluğunu hədəf alan antisemit ritorika sərgiləməsidir.

Qanun nə tələb edir: "Siyasi qurban" statusu deportasiyadan xilas edəcəkmi?

Almaniya qanunvericiliyinə görə, Holokostun inkarı və yəhudilərə qarşı nifrət nitqi (Volksverhetzung) ağır cinayət məsuliyyəti yaradır. Fridrix Mertsin elan etdiyi yeni doktrina hüquq-mühafizə orqanlarına bu cür radikal ünsürlərə qarşı sərt tədbirlər görmək üçün birbaşa yaşıl işıq yandırır.

Bu baxımdan, illər öncə Azərbaycandan qaçarkən istifadə etdikləri "Nardaran qurbanı" statusu həmin şəxsləri Almaniyanın sərt hüquqi reaksiyasından və mümkün deportasiyadan qoruya bilməyəcək. Məntiq və qanun tələb edir ki, Almaniyanın konstitusiya quruluşuna, təhlükəsizliyinə və Avropanın ümumi dəyərlərinə təhdid yaradan xarici radikal şəbəkələr, o cümlədən MBH-nin İran yönümlü fəalları ölkədən kənarlaşdırılsın. Berlinin bu məsələdə güzəştə getməyəcəyi təqdirdə, Almaniyadakı radikal diaspor və sığınacaq mühiti üçün ciddi təmizlənmə dövrünün başlanması qaçılmaz görünür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)