Peru mətbuatı Zəfər Günündən yazıb

8 Noyabr 2026 16:55

Perunun "La Razon" qəzetində Zəfər Gününün təsis edilməsinə dair "Azərbaycan 8 Noyabr - Zəfər Gününü qeyd edir" adlı məqalə dərc edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycan xalqının hər il noyabrın 8-də Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ildönümünü - Zəfər Gününü qeyd etdiyindən bəhs olunur. 

"2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və artilleriyadan intensiv atəşə tutaraq genişmiqyaslı təxribata əl atıb. Buna cavab olaraq, Azərbaycan Ordusunun komandanlığı bütün cəbhəboyu əks-hücum əməliyyatına başlamaq qərarı verib. Döyüşlər qısa müddətdə genişlənərək, İkinci Qarabağ müharibəsinə çevrilib", - deyə müəllif Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamasından yazıb. 

Məqalədə bildirilir ki, 44 gün davam edən müharibə nəticəsində Cəbrayıl oktyabrın 4-də, Füzuli oktyabrın 17-də, Zəngilan oktyabrın 20-də, Qubadlı oktyabrın 25-də, Şuşa isə noyabrın 8-də işğaldan azad edilib.

Noyabrın 10-da Bakı vaxtı ilə saat 01:00-dan etibarən münaqişə zonasında hərbi əməliyyatların dayandırılması barədə razılaşma qüvvəyə minib. Razılaşmaya əsasən, Ermənistan silahlı qüvvələri dekabrın 1-dək ərazilərdən çıxarılmalı, həmçinin iki ölkə arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması təmin edilməli idi.

Bunun ardınca Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarılıb.

Zəfər Gününün təsis edilməsi

2020-ci il dekabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Gününün təsis edilməsi haqqında ilk sərəncamı imzalayıb. İlkin qərara əsasən, bu tarixi günün hər il noyabrın 10-da qeyd edilməsi nəzərdə tutulurdu. Lakin həmin tarix Türkiyədə Mustafa Kamal Atatürkün anım gününə təsadüf etdiyindən Prezident dekabrın 3-də müvafiq dəyişiklik edib.

Şuşa şəhərinin tarixi əhəmiyyəti və onun işğaldan azad edilməsinin xüsusi yeri nəzərə alınaraq, Zəfər Gününün hər il noyabrın 8-də qeyd olunması qərara alınıb.

Beləliklə, 8 Noyabr Azərbaycan tarixində dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin, xalqın birliyinin və tarixi Qələbənin rəmzinə çevrilib.