Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Qələbə nəğməsi" adlı konsert proqramı təqdim olunub.
Tədbirdə Filarmoniyanın "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, eləcə də filarmoniyanın solistləri və Bakıdan dəvət olunmuş sevilən ifaçılar çıxış ediblər.
Vətənpərvərlik ruhunda hazırlanmış konsert proqramında Azərbaycanın qəhrəmanlıq tarixini, xalqımızın mübarizə əzmini, Vətən sevgisini və Zəfər sevincini tərənnüm edən musiqi əsərləri səsləndirilib. Müxtəlif musiqi kollektivlərinin və solistlərin iştirakı ilə təqdim olunan rəngarəng proqram tamaşaçılara həm kövrək, həm də qürurverici anlar yaşadıb.
Konsertin fəxri qonaqları arasında hərbçilər, şəhid ailələrinin üzvləri, qazilər, uşaq evinin balaca sakinləri və şəhər ictimaiyyətinin nümayəndələri yer alıblar. İfa olunan əsərlər tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Xüsusilə Vətənə, torpağa, qəhrəmanlığa və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş musiqi nömrələri tədbirə xüsusi emosional ovqat bəxş edib.
Konsert proqramı Azərbaycanın tarixi Zəfərinin musiqi dili ilə ifadəsi olmaqla yanaşı, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiramın, qazilərimizin qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin təcəssümünə çevrilib.
"Qələbə nəğməsi" konserti Azərbaycan musiqisinin zənginliyini, milli-mənəvi dəyərlərimizin gücünü və xalqımızın qələbə ruhunu bir daha nümayiş etdirərək tamaşaçılara unudulmaz musiqi anları yaşadıb. Tədbir Zəfər Gününün yaratdığı qürur və birlik duyğularını musiqi vasitəsilə bir araya gətirərək yüksək əhval-ruhiyyə ilə başa çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az