44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhər və kəndi döyüş meydanında işğaldan azad edib.
Bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.
Dövlət başçısı Azərbaycan xalqını və Silahlı Qüvvələrini Zəfər Günü münasibətilə təbrik edib, Vətən müharibəsində şəhid olmuş hərbçilərin xatirəsini ehtiramla yad edib:
"Mənim əziz xalqımı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Vətən müharibəsində şəhid olmuş əsgər-zabitlərimizin ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, hərbçilərimizin qəhrəmanlığı nəticəsində biz Ermənistan işğalına son qoya bildik".
Prezident İlham Əliyev bildirib ki, 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri qəhrəmanlıq, rəşadət, vətənpərvərlik və fədakarlıq nümayiş etdirib. Onun sözlərinə görə, həmin müddətdə düşmənin döyüş meydanında beli qırılıb və 300-dən çox şəhər və kənd işğaldan azad edilib.
"44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri qəhrəmanlıq, rəşadət, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Düşmənin döyüş meydanında beli qırıldı. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan bayrağı qaldırıldı", - dövlət başçısı vurğulayıb.