Çinin BYD şirkətinə məxsus Yangwang U9 Xtreme elektrik superavtomobili saatda 503,17 kilometr sürət yığaraq avtomobil sənayesində yeni dünya rekorduna imza atıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, rekord Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində, Əl-Dəfra bölgəsindən keçən Şeyx Xəlifə bin Zayed beynəlxalq avtomobil yolunda qeydə alınıb.
Sınaq üçün magistralın 10 kilometrlik hissəsi nəqliyyatın hərəkətinə bağlanıb. Avtomobilin maksimal sürətini yoxlamaq məqsədilə 7 kilometrlik düz yol ayrılıb. Sükan arxasında almaniyalı peşəkar yarış pilotu Mark Bassenq əyləşib.
Avtomobil rekord sürətlə hərəkət edərkən saniyədə təxminən 140 metr məsafə qət edib. Bu isə cəmi bir saniyədə futbol meydançasının uzunluğundan daha böyük məsafənin geridə qalması deməkdir.
Yangwang U9 Xtreme dörd müstəqil elektrik mühərriki ilə təchiz edilib. Mühərriklərin ümumi gücü 3000 at gücündən artıqdır. Avtomobildə 1200 voltluq elektrik sistemi, xüsusi yüksək sürət şinləri və hərəkət zamanı sabitliyi qoruyan aktiv asqı texnologiyası tətbiq olunub.
Maraqlıdır ki, avtomobil 2025-ci ilin sentyabrında Almaniyada saatda 496,22 kilometr sürət yığmışdı. Yeni nəticə həmin göstəricidən 6,95 kilometr yüksəkdir.
Əbu-Dabidə keçirilən sınaqların ilk günündə avtomobil saatda 490 kilometr sürətə çata bilib. Bundan sonra mühəndislər aerodinamik quruluşda, asqı sistemində və təkərlərin təzyiqində dəyişikliklər ediblər. Növbəti sınaqda isə 503,17 kilometrlik rekord qeydə alınıb.
Yangwang U9 Xtreme Almaniyanın məşhur Nürburqrinq trasında da 6 dəqiqə 59,157 saniyəlik nəticə göstərərək seriya istehsalı elektrik avtomobilləri arasında dövrə rekordu müəyyənləşdirib.
BYD şirkəti Yangwang U9 Xtreme modelindən dünya üzrə cəmi 30 ədəd istehsal etməyi planlaşdırır.
Qeyd edək ki, Bakıdan Qazaxa avtomobil yolu ilə məsafə təxminən 461 kilometrdir. Yangwang U9 Xtreme bu məsafəni saatda 503,17 kilometr sürətlə dayanmadan hərəkət edərsə, nəzəri olaraq cəmi 55 dəqiqəyə qət edə bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)