"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov

7 Noyabr 2026 12:57

"Azərbaycanın dövlətçilik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti konkret bir dövrün hüdudlarını aşaraq gələcək nəsillər üçün də milli qürur mənbəyinə çevrilir".

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

O, bildirib ki, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. "Bu qələbə uzun illər doğma torpaqlarının azadlığını gözləyən xalqın arzusunun gerçəkləşməsi, Azərbaycanın hərbi qüdrətinin və siyasi iradəsinin dünyaya nümayişi oldu. Qarabağın tacı sayılan Şuşanın azadlığı Vətən müharibəsinin taleyini müəyyənləşdirən həlledici mərhələlərdən biri kimi ölkəmizin müasir tarixinə həkk olundu. Şəhərin mürəkkəb relyefi və müdafiə baxımından əlverişli mövqeyi əməliyyatın çətinliyini daha da artırsa da, Azərbaycan hərbçilərinin cəsarəti, peşəkarlığı və dəqiq hesablanmış taktiki addımları qarşıya qoyulan məqsədə çatmağa imkan verdi. Bununla da düşmənin illər ərzində yaratdığı keçilməzlik təsəvvürü dağıldı, Azərbaycan Ordusunun nəyə qadir olduğu bütün dünyaya bəlli oldu".

K.Qafarov qeyd edib ki, Şuşa zəfərini yalnız döyüş meydanında qazanılmış uğur kimi qiymətləndirmək düzgün olmazdı. "Bu qələbənin arxasında illərlə aparılmış ardıcıl dövlət siyasəti, ölkənin iqtisadi və müdafiə potensialının gücləndirilməsi, ordunun müasirləşdirilməsi və cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi dayanırdı. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi strategiya Azərbaycanın qarşısında duran əsas milli vəzifənin yerinə yetirilməsi üçün zəruri zəmin yaratdı. Müdafiə qabiliyyətinin artırılması, müasir hərbi texnologiyaların tətbiqi, peşəkar hərbi kadrların hazırlanması və milli müdafiə sənayesinin inkişafı vahid məqsədə xidmət edirdi. Bu hazırlıq mərhələsi ordunun texniki imkanlarını genişləndirməklə yanaşı, qələbəyə inamı da gücləndirdi. 2020-ci ilin payızında Azərbaycan əsgərinin döyüş meydanında nümayiş etdirdiyi iradə məhz belə uzunmüddətli və sistemli fəaliyyətin nəticəsi idi. Şuşanın azad olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinə də mühüm təsir göstərdi. Ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək əzmini nümayiş etdirməklə beynəlxalq hüququn prinsiplərinin həyata keçirilməsində qətiyyətli mövqe ortaya qoydu. Əldə edilən tarixi nəticənin arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının birliyi və Ordumuzun qəhrəmanlığı dayanır. Dövlət başçısının qətiyyətli mövqeyi, hadisələrin inkişafını düzgün qiymətləndirmək bacarığı və müxtəlif istiqamətlərdə görülən işləri vahid məqsəd ətrafında birləşdirməsi qələbənin əsas şərtlərindən oldu. Eyni zamanda, bu zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun uğurla davam etdirilməsinin, müstəqil Azərbaycanın güclü dövlətə çevrilməsinin və xalqın öz liderinə etimadının nəticəsi kimi xüsusi əhəmiyyət daşıyır".