Uzun illər musiqi sənətinə bağlı olan ifaçı Tural Hüseynov yenidən səhnələrə qayıdıb. Uşaqlıq illərindən musiqi ilə məşğul olan sənətçi yeni layihələri ilə dinləyicilərin qarşısına çıxmağa hazırlaşır.
Tural Hüseynovun sənət fəaliyyətinin ilk mərhələsi 1992-1993-cü illərdə "Cücələrim" ansamblında başlayıb. Daha sonra o, "7-17" və "Ümid 96-97" layihələrində iştirak edib. Bülbül adına Musiqi Məktəbinin məzunu olan ifaçı Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun tələbəsi olub.
İllər ərzində Azərbaycanın tanınmış və seçilən məkanlarında səhnə alan Tural Hüseynov 2017-ci ildə biznes fəaliyyəti ilə əlaqədar Türkiyəyə köçüb. Təxminən 7-8 il Türkiyədə yaşadıqdan sonra musiqiyə olan sevgisi və sənətə bağlılığı onu yenidən doğma səhnələrə qaytarıb.
Sənətçi bildirir ki, bu müddət ərzində Azərbaycan musiqi mühitini kənardan izləyib və müşahidə etdiyi bəzi məqamlar onun səhnəyə qayıtmaq qərarını daha da möhkəmləndirib. Onun əsas məqsədi Azərbaycan musiqisini layiqincə təmsil etmək, milli musiqi dəyərlərinə sadiq qalmaq və dinləyicilərə keyfiyyətli ifalar təqdim etməkdir.
İfaçının səhnəyə dönüşünün ilk addımı "Yar-yar" adlı yeni mahnısı və klipi olub. Mahnının bəstəkarı Fərid Kərimli, sözlərinin müəllifi isə R.M.-dir. Artıq sosial şəbəkələrdə yayımlanan layihə Tural Hüseynovun yenidən musiqi fəaliyyətinə başladığını nümayiş etdirir.
Tural Hüseynov qarşıdakı dövrdə yeni musiqi layihələri ilə dinləyicilərin qarşısına çıxmağı və Azərbaycan musiqisinə öz töhfəsini verməyi hədəfləyir.