Gürcüstanda toya gedən azərbaycanlı üç qardaş güllələnib. Onlardan ikisi ölüb, digəri sağ qalıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Saqareco bələdiyyəsinin Ləmbəli kəndində baş verib.
Elman, Teymur və Ədil Yusubov qardaşlarının öz qonşuları tərəfindən atəşə tutulduğu bildirilir.
Hadisədən sağ çıxan üç qardaşdan biri olan Elman Usubov deyib ki, axşam saat 17:00 radələrində iki qardaşı və sinif yoldaşı ilə birlikdə piyada hərəkət edərkən bir avtomobil dayanıb və onlara atəş açmağa başlayıb.
Onun sözlərinə görə, atəş açılan zaman özü avtomobilin arxasında gizlənib, qardaşlarına isə dəfələrlə hədəf alınaraq atəş açılıb və onlar hadisə yerində öldürülüblər.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, təqsirləndirilən şəxs əvvəllər yaranmış münaqişə zəminində odlu silahdan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. Hər iki şəxs aldıqları xəsarətlərdən ölüb. Qətldə şübhəli bilinən şəxs saxlanılıb. Polis cinayət zamanı istifadə olunan silahı maddi sübut kimi müsadirə edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)