"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"a ududzuqları matçdan danışıb.
Milli.Az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını belə dəyərləndirib:
- Xalqımızı Zəfər Günü münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, daha yaxşı çıxış edə bilərdik. Qalib gəlmək istəyirdik. Ümumilikdə futbolçuların məsuliyyətindən və oyuna münasibətindən razı qaldım. Yaxşı müdafiə olunan və sürətli əks-hücumlar təşkil edən komandaya qarşı oynadıq. Rəqibin qapımız qarşısında yüzfaizlik qol imkanları yaratmasına imkan vermədik. Autdan sonra top əvvəlcə bizdə oldu, daha sonra rəqibə keçdi və nəticədə qol vuruldu. Yəqin ki, onlar bu qola layiq idilər. Rəqibi təbrik edirəm. "Turan Tovuz" artıq bir neçə turdur ki, inamlı təsir bağışlayır. Biz yolumuza davam edəcəyik. Texniki çatışmazlıqlar var. Qarşıda millilərin oyunları ilə əlaqədar fasilə olacaq. Bu müddətdən səmərəli istifadə etməyə çalışacağıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.
- "Qarabağ" qol imkanlarından yararlana bilmir. Bu, problemdir?
- Bunu necə istəyirsiniz, elə də adlandıra bilərsiniz. Daha diqqətli olmaq lazımdır. Uğursuzluqdan danışmaq istəmirəm. Futbolçular daha dəqiq və soyuqqanlı oynamalıdırlar.
- Uzun müddət "Azersun Arena"da oynamamışdınız. Stadionun dəyişməsi məğlubiyyətin səbəblərindən biri ola bilərmi?
- Xeyr, belə deməzdim. Burada dəfələrlə oynamışıq, bizim doğma meydanımızdır. "Turan Tovuz"a "Tofiq Bəhramov" stadionunda da uduzmuşuq. Bu, futboldur. İrəliyə pozitiv əhval-ruhiyyə ilə baxmaq lazımdır.
- Futbolçuların bir-birinə uyğunlaşması prosesinin bu qədər vaxt aparacağını gözləyirdiniz?
- Bəlkə də, gözləmirdim. Amma müsbət məqamlar da var. Yeni futbolçular artıq formalarını yığmağa başlayırlar. Zədəli futbolçularımız da olub. Son vaxtlar komandamızın oyununda müsbət məqamlar görürəm. Vəziyyəti düzəltməyə çalışacağıq. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)