Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar

6 Noyabr 2026 14:52

Rəssamlıq artıq yalnız emalatxanalar və sərgi salonları ilə məhdudlaşmır. Rəqəmsal platformalar sənətçilərə yaradıcılıqlarını daha geniş auditoriyaya təqdim etmək, izləyicilərlə birbaşa ünsiyyət qurmaq və istedadlarını yeni imkanlara çevirmək üçün şərait yaradır. Bu baxımdan TikTok azərbaycanlı rəssamların da özünəməxsus yaradıcılıq nümunələri ilə diqqət çəkdiyi platformalardan birinə çevrilib. 3D avtomobil təsvirlərindən divar rəsmlərinə, fərdi tablolardan yaradıcı emalatxanalara qədər müxtəlif istiqamətlərdə fəaliyyət göstərən üç rəssamın TikTok dünyasına nəzər salaq.

Avtomobilləri kağız üzərində canlandıran rəssam - @powerartist_

15 illik rəssamlıq təcrübəsinə malik kontent yaradıcısı TikTok-da realist 3D avtomobil təsvirləri ilə diqqət çəkir. Onun əsərləri detallara həssas yanaşma, dəqiq işıq-kölgə keçidləri və üçölçülü effektləri ilə seçilir. Rəssam TikTok videolarında yalnız hazır işlərini deyil, eskizdən son nəticəyə qədər bütün yaradıcılıq prosesini də izləyicilərlə bölüşür.

Rəssamın kontenti həm incəsənət, həm də avtomobil həvəskarlarının marağına səbəb olur. Onun diqqət çəkən videolarından birində qara rəngli retro avtomobilin realist eskizi nümayiş etdirilir. İzləyicilər şərhlərdə rəssamın istedadını, təsvirin reallığa yaxınlığını və detallara göstərdiyi diqqəti yüksək qiymətləndirirlər.

TikTok-da qazandığı maraq rəssamın fərdi sifarişlər üzrə fəaliyyətinə də müsbət təsir göstərib. Onun nümunəsi platformanın yaradıcı şəxslərə istedadlarını nümayiş etdirmək, geniş auditoriyaya çatmaq və potensial müştərilər qazanmaq üçün yaratdığı imkanları göstərir. Eyni zamanda, bu videolar gənc rəssamlar üçün də ilham mənbəyinə çevrilir.

Məkanlara yeni nəfəs verən rəssam - @ressam_vusal

Mural sənəti ilə məşğul olan rəssam Vüsal TikTok-da paylaşdığı divar rəsmləri ilə diqqət çəkir. O, yaşayış evləri, restoranlar və digər ictimai məkanlar üçün fərqli kompozisiyalar hazırlayaraq adi divarlara yeni görünüş qazandırır. Təbiət motivləri, çiçəklər, ağaclar və dekorativ təsvirlər rəssamın yaradıcılığında xüsusi yer tutur.

Vüsal TikTok videolarında divarların ilkin vəziyyətindən başlayaraq rəsm prosesini və yekun nəticəni izləyicilərlə bölüşür. Onun yaradıcılığı Azərbaycan televiziya proqramlarının və tanınmış simaların da diqqətini cəlb edib. Xüsusilə LED işıqlarla tamamlanan çiçək kompozisiyasını nümayiş etdirdiyi video yarım milyona yaxın baxış toplayaraq izləyicilərin müsbət rəyləri ilə qarşılanıb.

Rəssamın fəaliyyəti mural sənətinin məkanların görünüşünü və atmosferini dəyişdirmək imkanlarını nümayiş etdirir. TikTok isə Vüsalın yaradıcılığını daha geniş auditoriyaya çatdırmasına, tanınmasına və potensial müştərilərlə əlaqə qurmasına şərait yaradır.

Sənəti biznesə çevirən rəssam - @Turan Nazirova

TikTok-da yaradıcılığını sahibkarlıq fəaliyyəti ilə birləşdirən rəssamlardan biri də Turan Nəzirovadır. Peşəkar muralist rəssam-yaradıcı müxtəlif məkanlar üçün divar rəsmləri, dekorativ kompozisiyalar və kətan üzərində tablolar hazırlayır. O, sənətini fərdi sifarişlərlə yanaşı, tədris fəaliyyəti vasitəsilə də inkişaf etdirir.

TikTok-da isə hazırladığı əsərləri, studiyanın fəaliyyətini və tədris prosesindən maraqlı görüntüləri paylaşaraq daha geniş auditoriyaya çatır və potensial müştərilərlə əlaqə qurur.
Rəssamın maraqla qarşılanan videolarından birində müxtəlif texnika və üslublarda hazırladığı əsərlər, eləcə də onların yaranma mərhələləri nümayiş etdirilir. Rənglərin qarışdırılması, kompozisiyaların formalaşması və tabloların tamamlanması izləyicilərə onun yaradıcılıq prosesini yaxından tanımaq imkanı yaradır.

Beləliklə, TikTok azərbaycanlı rəssamlar üçün yalnız əsərlərini nümayiş etdirmək deyil, həm də şəxsi brendlərini inkişaf etdirmək, geniş auditoriyaya çatmaq və potensial müştərilər qazanmaq imkanı yaradır. Yaradıcılıq proseslərini izləyicilərlə bölüşən sənətçilər bu platforma vasitəsilə həm təsviri sənətə marağı artırır, həm də istedadlarını uğurlu biznesə çevirmək üçün yeni imkanlar əldə edirlər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)