“Muzeydə musiqi” layihəsi çərçivəsində Dövlət “Qaya” Ansamblının konserti keçirilib - (Foto)

6 Noyabr 2026 14:04

Azərbaycan Milli İncəsənət Muzeyinin təşkil etdiyi "Muzeydə musiqi" layihəsi çərçivəsində Dövlət "Qaya" Ansamblının konserti keçirilib.

Zəfər Gününə həsr olunmuş musiqi axşamını ansamblın direktoru Turan Məmmədəliyeva giriş sözü ilə açıb. Konsertdə dinləyicilərə çoxsəsli vokal ansamblı və solo ifalarda müxtəlif milli estrada nümunələri və caz standartları təqdim olunub.

Proqramda "Laçın", "Sarı gəlin", "Qaraxal yar" xalq mahnıları, eləcə də Tofiq Quliyev, Rauf Hacıyev, Vasif Adıgözəlov, Telman Hacıyev və Oqtay Kazıminin mahnıları səsləndirilib.
Dövlət "Qaya" Ansamblının vokal qrupu ilə yanaşı, instrumental heyətin solistləri - Azərbaycan Respublikasının Əməkdar artisti, zərb alətləri ifaçısı Vaqif Əliyev, bas-gitara ifaçısı Fuad Cəfər və dəvət olunmuş gənc caz pianoçusu Cavanşir Abdullalı vokal ifaları caz-trio müşayiəti ilə müşayiət ediblər.

Konsertin təntənəli ovqatı Dövlət "Qaya" Ansamblının sevilən mahnılarından biri olan "Ey həyat, sən nə qəribəsən" əsərinin ifası ilə tamamlanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az