ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı

6 Noyabr 2026 13:41

Prokurorluq və daxili işlər orqanları, o cümlədən Bakı şəhəri Nəsimi rayon prokurorluğu və rayon polis idarəsi tərəfindən peşəkar şəkildə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərindən Milli.Az-a daxil olan birgə məlumata görə, 2002-ci il oktyabrın 7-də Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) inzibati binasının həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmovun kəsici-deşici alətlə qəsdən öldürülməsi, ali tədris müəssisəsinin inzibati binasından müxtəlif əşyaların oğurlanması faktına dair Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin icraatı təzələnərək çoxsaylı prosessual hərəkətlər icra olunub. 

Keçirilən tədbirləri nəticəsində əldə olunan dəlillərin  təhlili nəticəsində qeyd olunan cinayətin həmin ali tədris müəssisəsindən 1997-ci ildə xaric olunan, əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Cahangirov Vüqar Rəhim oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüqar Cahangirov bu il noyabrın 4-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, noyabrın 6-da isə Cinayət Məcəlləsinin 120.2.3, (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.5 (tamah məqsədilə qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən  prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə prokurorluq  tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər davam etdirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)