Türkiyədə aktyorların qonorarı azaldıla bilər

6 Noyabr 2026 00:12

Türkiyədə serial sektorunda yaşanan reklam böhranı dərinləşib.

Milli.Az xəbər verir ki, oktyabr ayında son 30 ilin ən aşağı reklam gəliri qeydə alınıb. Bu vəziyyət telekanalların zərərini artırdığı üçün kanallar və prodüserlər çıxış yolu axtarmağa başlayıblar.

Keçirilən son görüşdə telekanallar serial prodüserlərindən çəkiliş xərclərini 25 faiz azaltmağı tələb ediblər.

Prodüserlər isə xərcləri azaltmaq üçün bir sıra təkliflər irəli sürüblər. Belə ki, hazırda 140 dəqiqəyədək davam edən serial bölümlərinin 110 dəqiqə ilə məhdudlaşdırılması təklif olunub. Bu halda əlavə çəkiliş qruplarına ehtiyac qalmayacaq.

Bundan başqa, aktyorların yüksək qonorarlarına da məhdudiyyət qoyulması gündəmdədir. Əlavə ödənişlərlə birlikdə 5 milyon lirəyədək qonorar alan aktyorlara artıq bu məbləğlərin verilməməsi nəzərdə tutulur. Qonorarını azaltmağa razı olmayan aktyorlarla əməkdaşlıq edilməməsi də müzakirə olunur.

Məsələ ilə bağlı müzakirələrin davam etdiyi bildirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)