Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita

6 Noyabr 2026 05:05

Portokalopita Yunan mətbəxinin sevilən ənənəvi şirniyyatları arasındadır. Bol portağal ətri, yumşaq toxuması və şərbəti ilə seçilən bu desert xüsusilə portağallı şirniyyat sevənlərin favorisidir.

Milli.Az xəbər verir ki, yunan dilində "portağal" və "pita" sözlərinin birləşməsindən yaranan bu şirniyyat quru və ya incə parçalanmış paxlava yuxası, portağal, qatıq, yumurta və şəkər tozu ilə hazırlanır. Bişdikdən sonra isə portağal ətirli şərbətlə isladılır. Soyuq halda servis edildikdə ləzzəti daha çox üzə çıxır.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

Biskvit üçün:

400 qram paxlava yuxası

3 ədəd yumurta

1 stəkan şəkər tozu

1 stəkan qatıq

Yarım stəkan duru yağ

1 paket qabartma tozu

1 paket vanilin

2 ədəd portağalın sürtgəcdən keçirilmiş qabığı

Yarım stəkan təzə sıxılmış portağal suyu

Şərbəti üçün:

2 stəkan şəkər tozu

2 stəkan su

1 stəkan təzə sıxılmış portağal suyu

1 ədəd portağal qabığı

Bir neçə damcı limon suyu

Hazırlanması:

Paxlava yuxalarını incə zolaqlar şəklində kəsin və ya əlinizlə kiçik parçalara ayırıb geniş bir tepsiyə yayaraq qurutun.

Yumurta və şəkər tozunu köpüklənənə qədər çırpın. Üzərinə qatıq, duru yağ, portağal suyu, portağal qabığı rendəsi, vanilin və qabartma tozu əlavə edib qarışdırın.

Qurumuş yuxa parçalarını bu qarışığa asta-asta əlavə edərək bütün yuxaları xəmirə batırın.

Hazırladığınız qarışığı yağlanmış sobaya tökün və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 40-45 dəqiqə qızarana qədər bişirin.

Şərbət üçün su və şəkəri qaynada qoyun. Qaynamaya başladıqdan sonra portağal suyu və portağal qabığını əlavə edib təxminən 10 dəqiqə qaynadın. Ocaqdan almazdan əvvəl bir neçə damcı limon suyu əlavə edin.

Sobadan çıxan isti şirniyyatın üzərinə soyumuş şərbəti yavaş-yavaş tökün. Şərbəti çəkməsi üçün otaq temperaturunda gözlədib daha sonra soyuducuda bir neçə saat soyutduqdan sonra servis edin.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)