Mütəxəssislər pomidor şirəsinin həddindən artıq istehlakının sağlamlıq üçün müəyyən risklər yarada biləcəyi barədə xəbərdarlıq ediblər. Xüsusilə yüksək qan təzyiqindən əziyyət çəkən insanların bu içkiyə diqqətlə yanaşması tövsiyə olunur.
Milli.Az xəbər verir ki, hazır pomidor şirələrinin tərkibində duzun çox olması hipertoniyadan əziyyət çəkən insanlar üçün təhlükə yarada bilər.
Pomidor şirəsi qan təzyiqini yüksəldə bilər
Həkimlərin sözlərinə görə, yüksək qan təzyiqi olan insanlar gündəlik qəbul etdikləri duzun miqdarına ciddi nəzarət etməlidirlər. Lakin bəzi istehsalçıların məhsullarında duzun miqdarı istehlakçılar üçün kifayət qədər aydın göstərilmir. Mütəxəssislər bildirirlər ki, pomidor şirəsi içərkən onun duzluluğu hər zaman hiss olunmur. Buna baxmayaraq, tərkibində yüksək miqdarda natrium olan pomidor şirəsinin müntəzəm istifadəsi qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
Dietoloqlar hipertoniyadan əziyyət çəkən insanlara hazır pomidor şirəsi alarkən məhsulun tərkibini yoxlamağı, mümkün olduqda isə duzsuz pomidor pastasından istifadə edərək içkini evdə hazırlamağı məsləhət görürlər.
Mədə-bağırsaq xəstəlikləri olanlar diqqətli olmalıdır
Pomidor şirəsi bəzi mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi zamanı da narahatlıq yarada bilər. Xüsusilə mədə turşuluğu ilə bağlı problemləri olan insanlarda pomidor şirəsi şikayətləri gücləndirə bilər. Belə hallarda qidalanma rejiminin həkim tövsiyəsinə uyğun tənzimlənməsi vacibdir.
Pomidor şirəsinin faydaları da var
Bununla belə, mütəxəssislər pomidor şirəsinin faydalı xüsusiyyətlərini də vurğulayırlar. Pomidor şirəsi güclü antioksidant hesab edilən likopinlə zəngindir. Bu maddə hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir. Bəzi elmi araşdırmalarda likopin qəbulu ilə müəyyən xərçəng növlərinin riskinin azalması arasında əlaqə müşahidə olunsa da, pomidor şirəsinin xərçəngin qarşısını aldığı qəti şəkildə sübut edilməyib.
Mütəxəssislər sağlam insanların pomidor şirəsini ölçülü miqdarda qəbul edə biləcəyini, xüsusilə duzsuz və əlavə şəkərsiz məhsullara üstünlük verməyin daha məqsədəuyğun olduğunu bildirirlər. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)