Azərbaycanda "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarında dəyişiklik edilib.
Milli.Az xəbər verir ki, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qərar imzalayıb.
Dəyişikliyə əsasən, status və vəsiqə almaq istəyən şəxslər ərizə və tələb olunan sənədləri Komitənin regional orqanlarına və ya yerli bölmələrinə elektron və ya kağız formada təqdim edəcəklər.
Ərizədə şəxsin soyadı, adı, atasının adı, əlaqə vasitələri, məcburi köçkün düşdüyü rayon və ya şəhər, məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu və hazırda məskunlaşdığı ünvan göstərilməlidir. Həmçinin tələbin qısa məzmunu və təqdim edilən sənədlərin siyahısı qeyd olunmalıdır.
Ərizə və sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkarlandıqda, beş iş günündən gec olmayaraq ərizəçiyə məlumat veriləcək. Ərizəçi məlumatı aldığı tarixdən ən geci beş iş günü ərzində çatışmazlıqları aradan qaldırmalıdır.
Bu müddətdə müraciətə baxılma müddətinin axımı dayandırılacaq, çatışmazlıqların aradan qaldırılması barədə müraciətdən sonra isə bərpa olunacaq.
Çatışmazlıqlar vaxtında aradan qaldırılmadıqda müraciət baxılmamış saxlanılacaq və bu barədə ərizəçiyə beş iş günü ərzində məlumat veriləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)