Azərbaycanın Vətən Müharibəsində qazandığı tarixi Zəfərin il dönümünə həsr olunmuş tariximizin yaddaşını, hərb ənənələrini və qəhrəmanlıq səlnamələrini əks etdirən rəssam, heykəltaraş Natiq Camal Avşarın "Atalardan oğullara Hərb Sənəti" adlı sərgisi Xətai Sənət Mərkəzində açıldı.
Sərgi Xətai Sənət Mərkəzinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.
Tədbiri Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvazov açaraq qonaqları salamladı. Çıxış edən ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, tarixçilər və Qarabağ müharibəsi veteranları öz arzu, fikir və xatirələrini bölüşdülər. Təqdim olunan 30-dan çox əsərin sujet xəttini qədimdən bu günə xalqımızın hərb tarixində yeri olmuş qəhrəmanlar, Qarabağ savaşı döyüş səhnələri, həmçinin müasir hərb tariximizdə şücaəti ilə fərqlənmiş qazi və şəhid sərkərdələrin və milli qəhrəmanların portretləri yer alır.
"Atalardan oğullara Hərb Sənəti" sərgisi tarixi şəxsiyyətlərin obrazlarını, müharibənin faciəvi səhnələrini və müasir hərb mövzusunu vahid ideya çərçivəsində birləşdirən bədii ekspozisiyanı xatırlatdı .
Müəllifin əsərlərdə hərb tarixi yalnız keçmişin hadisələri kimi deyil, milli kimliyin, mənəvi yaddaşın və nəsillər arası varisliyin mühüm tərkib hissəsi kimi təqdim etməsi sərgiyə həm bədii-mədəni, həm də ictimai-marifləndirici əhəmiyyət qazandırdığına inanırıq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az