26 yaşlı futbolçu qəfil öldü

5 Noyabr 2026 11:49

İngiltərənin "Hendon" klubunda çıxış edən Ezekiel (Eze) Uilyams 26 yaşında həyatını itirib.

Milli.Az xəbər verir ki, gənc futbolçunun gözlənilməz vəfatı komandada böyük kədərlə qarşılanıb.

Klubun rəsmi açıqlamasına görə, yarımmüdafiəçi sentyabr ayından kollektivin üzvü idi. O, dünyasını dəyişməzdən cəmi 10 gün əvvəl yeni komandası ilə ilk qolunu vurmağa da nail olmuşdu.

"Hendon" rəhbərliyi mərhum futbolçunu xoşxasiyyətli, təvazökar və ətrafındakı insanlara qarşı diqqətli biri kimi xarakterizə edib. Qısa müddət ərzində komanda yoldaşlarının rəğbətini qazanan Uilyamsın itkisi klub üzvlərini dərindən sarsıdıb.

Futbolçunun vəfatı ilə əlaqədar "Hendon"un yaxın günlərdə keçirilməsi nəzərdə tutulan qarşılaşması da təxirə salınıb.

Qeyd edək ki, Ezekiel Uilyamsın ölümünə nəyin səbəb olduğu barədə hələlik rəsmi məlumat verilməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)