Mehdiabadda sakinlərin şikayəti nəticəsiz qalıb

5 Noyabr 2026 15:27

Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Nüsrət Kəsəmənli küçəsində yaşayan sakinlər evlərinin yaxınlığında aparılan tikinti işlərindən narazıdırlar.

Milli.Az xəbər verir ki, sakinlərin iddiasına görə, fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə yeni obyekt inşa olunur. Onlar burada sement anbarının və ya plastik qapı-pəncərə istehsalı sexinin fəaliyyət göstərə biləcəyindən narahatdırlar. Vətəndaşlar belə obyektlərin yaşayış evlərinin yaxınlığında yerləşdirilməsinin düzgün olmadığını düşünürlər.

Onların sözlərinə görə, tikinti işləri və obyektin fəaliyyəti ərazidə səs-küyə səbəb olur, sakinlərin rahatlığını pozur. Aidiyyəti qurumlara müraciət etdiklərini bildirsələr də, şikayətlərinin indiyədək nəticəsiz qaldığını deyirlər.

Vətəndaşlardan biri bildirib ki, etiraz edən qadınlar təhqirlə qarşılaşır, onların fikirlərini bildirməsinə imkan verilmir. O, həmçinin sakinlərin əkdikləri ağacların kəsiləcəyi ilə hədələndiklərini iddia edib.

Digər sakin isə obyektin gecə-gündüz işləməsindən şikayətlənib. Onun sözlərinə görə, yaranan səs-küy xüsusilə azyaşlı uşaqların istirahətinə mane olur.

Sakinlər problemin araşdırılmasını və aidiyyəti qurumların məsələ ilə bağlı tədbir görməsini gözləyirlər. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)