Kamran Ağabalayev: “İtin günündəyik” - (Video)

5 Noyabr 2026 13:29

Aktyor Kamran Ağabalayev sosial şəbəkələrdə yayımlanan bəzi paylaşımlara sərt münasibət bildirib.

Milli.Az xəbər verir ki, sənətçi "Künc-bucaq" adlı "YouTube" layihəsində qonaq olarkən internet platformalarında təqdim olunan məzmunun səviyyəsindən narazılığını dilə gətirib. O, televiziyalarda müəyyən məhdudiyyətlərin tətbiq edilməsini müsbət qiymətləndirərək, sosial şəbəkələrdə də nəzarət mexanizminin olmasının vacibliyini vurğulayıb.

Aktyor hazırda sosial mediada qarşısına çıxan paylaşımların bəzilərini biabırçılıq adlandırıb:

"Baxın, kimlər paylaşılır. Sosial şəbəkələrə giriləsi deyil, biabırçılıqdır. 'İtin günündəyik'. Bu səviyyənin başqa adı yoxdur. İtlərin xətrinə dəyməsin dediklərim. Bir zamanlar efirləri zəbt edən ucuz sabun köpükləri heç kimə lazım deyildi. Başqa ölkələrlə müqayisə edirlər, onlara şər atmayın, belə şey yoxdur ayrı-ayrı ölkələrdə".

Kamran Ağabalayevin fikirləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)