Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)

4 Noyabr 2026 22:34

2027-ci il dövlət büdcəsi layihəsidə bir sıra sosial müavinət və ödənişlərin məbləği artırılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, layihəyə əsasən, uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.

2026-ci ildə yeni doğulan uşağa görə birdəfəlik 600 manat ödənilirdisə, gələn ildən bu məbləğ 900 manat artırılaraq 1500 manat olacaq. 

Maliyyə naziri Sahil Babayev bildirib ki, 2027-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminata ayrılan vəsait əhalinin rifahının yaxşılaşdırılması məqsədi daşıyır.

3 yaşınadək uşağı olan sığortaolunan analara da hər ay 100 manat pul veriləcək. Daha əvvəl isə bu məbləğ 37 manat 58 qəpik idi. Həmçinin, gələn il hamiləliyə və doğuma görə müavinətin hesablanmasında bir iş gününə düşən orta gündəlik qazancın 50 manat, 57 qəpik, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə isə 53 manat 50 qəpik olacağı gözlənilir. Pensiyaçılar üçün dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata, sığortaolunanlar üçün isə 590 manatdan 700 manata çatdırılması proqnozlaşdırılır.

20 il və daha çox xidməti etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 15  milyon manat ayrılıb. Layihəyə əsasən, kirayəyə götürülən yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası üçün 14,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)