Avtomatla atəş açan hərbçinin məhkəməsi başa çatdı

3 Noyabr 2026 17:50

Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A-nın cinayət əməli sübuta yetirilib və hökm oxunub.

Hökmə əsasən, N.A. 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, təqsirləndirilən N.A. xarici ölkədə fəaliyyət göstərdiyi iddia edilən, silahlı hücumlar, qətllər, soyğunçuluq və quldurluq kimi cinayətlər törədən, sosial platformalar üzərindən idarə olunan cinayətkar birliyin üzvləri ilə əlaqə qurmağa çalışıb. O, cinayətkar birliyin bir neçə üzvü ilə sosial şəbəkə vasitəsilə mütəmadi yazışıb və birliyə əyani şəkildə qoşulmaq istəyib.

N.A. silah-sursat götürərək hərbi hissəni tərk edib. O, yanlış istiqamətdə hərəkət edərək silahını yoxlamaq məqsədilə havaya atəş açıb. Daha sonra cinayətkar birliyə qoşulmaq üçün sosial şəbəkədə tanış olduğu şəxslərlə əlaqə saxlayıb və danışıq zamanı yenidən havaya atəş açıb.

Həmin ərazinin yaxınlığında xidmət aparan polis əməkdaşları ona yaxınlaşsalar da, N.A. onların əmrinə tabe olmayıb. Yaxınlaşmalarına mane olmaq məqsədilə avtomat silahdan əvvəlcə havaya, daha sonra isə polis əməkdaşı istiqamətində yerə çoxsaylı atəş açıb. Bununla da zor tətbiq etməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərib.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və keçirilən əməliyyat nəticəsində N.A. saxlanılıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1, 29, 218.2, 228.1, 232.1, 315 və 334.1-ci maddələri ilə təqsirli bilinib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)