Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun qarşılaşmalarını idarə edəcəklər.
Milli.Az xəbər verir ki, Əliyar Ağayev İspaniyada keçiriləcək "Selta" - "Yunion" matçının baş hakimi olacaq. 39 yaşlı referiyə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri kimi kömək edəcəklər. Rauf Cabarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Digər FIFA referimiz Elçin Məsiyev isə Belçikada baş tutacaq "Anderlext" - "Zaltsburq" görüşünə təyinat alıb. 35 yaşlı hakimə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Nicat İsmayıllı qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, "Anderlext" - "Zaltsburq" oyunu noyabrın 5-də Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. "Selta" - "Yunion" matçı isə noyabrın 5-dən 6-na keçən gecə, saat 00:00-da start götürəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)