Arda Güler “Real Madrid” əfsanələrini geridə qoydu - (Foto)

2 Noyabr 2026 09:35

Türkiyə millisinin və "Real Madrid" klubunun futbolçusu Arda Güler İspaniya nəhəngindəki statistik göstəriciləri ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisinin heyətində keçirdiyi ilk 123 oyunda 21 qol vurub və 30 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun bu göstəriciləri klub tarixinin tanınmış futbolçularının eyni sayda matçdakı nəticələri ilə müqayisə olunub.

Belə ki, Toni Kroos ilk 123 oyununda 3 qol və 38 məhsuldar ötürmə, Luka Modriç 7 qol və 21 məhsuldar ötürmə, Quti isə 13 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Arda Güler ümumi qol töhfəsinə görə Modriç və Qutini qabaqlayıb. Məhsuldar ötürmələrin sayında isə yalnız Kroosdan geri qalıb.

Gənc futbolçunun bu statistikası onun "Real Madrid"dəki çıxışının nə qədər məhsuldar olduğunu bir daha ortaya qoyub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)