Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir

1 Noyabr 2026 07:07

"Daily Mail"də yer alan yeni araşdırma, plastik paket çayların isti su ilə təmas etdikdə tək bir fincana 2500-ə qədər mikroplastik hissəciyi və orqanizmə zərərli BPA (Bisfenol A) maddəsi buraxdığını üzə çıxarıb.

Milli.Az xəbər verir ki, aşkar edilən mikroplastiklərin hamısı bəzi filtirlərin istehsalında istifadə olunan poliamid plastik növləridir. Tədqiqatda yalnız 100 mikrometrdən böyük hissəciklər ölçülüb, daha kiçik ölçülər isə sayıma daxil edilməyib.

Açıq çayın 1 kiloqramında 146-1178 mikroplastik tapılıb. Bu da standart 2 qramlıq bir porsiya açık çayda cəmi 0,3 - 2,4 hissəcik deməkdir (paket çaydan min dəfə az).

İncələnən plastik paket çayların hamısında mikroplastiklə yanaşı BPA və fitalat esterləri aşkar edilib.

Tək bir fincan paket çaydan bədənə daxil olan BPA miqdarı Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) gündəlik icazə verdiyi limitin 4,55% - 21,70%-ni təşkil edir. Mütəxəssislər BPA-nın digər qidalardan da alındığını nəzərə alaraq, bunun xüsusilə uşaqlar və hamilə qadınlar üçün ciddi risk yaratdığını bildirirlər.

Mütəxəssislərin tövsiyələri:
Paket çaylar əvəzinə açıq (quru) çaylara üstünlük verilməlidir.

Dəmləmə zamanı metal və ya keramik süzgəclərdən istifadə olunmalıdır.

İsti su ilə təmasda milyonlarla mikro və nanoplastik sızdıran birdəfəlik plastik stəkanlardan imtina edilməlidir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)