Qax rayonunda 7 nəfərin qidadan zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Milli.Az-a verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı səbəbindən baş verdiyi müəyyən edilib.
Agentlik bununla əlaqədar əhaliyə müraciət edərək mənşəyi məlum olmayan, növü dəqiq müəyyən edilməyən, tanımadıqları və yeməli olduğuna əmin olmadıqları yabanı göbələkləri toplamamağa və istehlak etməməyə çağırıb.
Qeyd edək ki, oktyabrın 29-da Qaxda 7 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2-si ambulator müalicə üçün evə buraxılıb, 5 nəfər isə Bakıdakı Kliniki Tibbi Mərkəzə təxliyə edilib. Son məlumata görə, həmin şəxslərin vəziyyəti orta ağır qiymətləndirilir.
---------
Qaxda 7 nəfər qidadan zəhərlənib.
Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub.
TƏBİB-dən verilən məlumata görə, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər (qadın, kişi) ambulator müalicə üçün evə buraxılıb,
5 nəfər isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzə təxliyə edilib.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
İlkin məlumata görə, onların göbələkdən zəhərləndiyi etimal olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)