“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)

31 Oktyabr 2026 18:33

Rəssamlar Samirə Allahverdiyeva və Səma Məmmədlinin "Meyvələr" kolleksiyası ənənəvi Azərbaycan xalçaçılığını müasir bədii yanaşma ilə birləşdirir. Kolleksiyadan seçilmiş xalçalar "Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" proqramı çərçivəsində nümayiş olunur.

Kolleksiyanın ilkin ideyası Samirə Allahverdiyevaya məxsusdur. Rəssamın uşaqlıq xatirələri, xalçaçı nənəsinin sənəti və Azərbaycanın bölgələrində meyvələrin qədim xalçaların üzərində qurudulması ənənəsi layihənin bədii əsasını təşkil edir. Onun əsərlərində xurma və nar motivləri yaddaş, milli ənənələr, bolluq və bərəkət anlayışlarını ifadə edir.

İlkin ideyanı özünəməxsus bədii üslubda inkişaf etdirən Səma Məmmədli kolleksiyaya yeni vizual istiqamət qazandırıb. Onun kompozisiyalarında nar, alma və limon motivləri müasir rəng palitrası və dinamik dizayn həlləri ilə təqdim olunur. Rəssamların fərqli baxışları kolleksiyada ənənə ilə müasirlik arasında yaradıcı dialoq yaradır.

Yun və ipək qarışığından hazırlanan xalçalar 3D toxuculuq texnologiyası ilə əl ilə toxunub. Bu texnika meyvə motivlərinə həcm və relyef effekti verir. Xalçalar "Azərxalça" ASC-nin Azərbaycanın bölgələrində çalışan qadın toxucuları tərəfindən hazırlanıb. Layihə müasir incəsənətlə ənənəvi xalçaçılıq sənətini bir araya gətirməklə yanaşı, milli irsin qorunmasına və qadın toxucuların sənətkarlığının yaşadılmasına töhfə verir.

Samirə Allahverdiyeva rəssam və dizaynerdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq üzrə bakalavr, qrafik dizayn üzrə magistr təhsili alıb. Azərbaycan Gənc Rəssamlar İttifaqının üzvü olan rəssamın əsərləri Azərbaycan, Türkiyə, ABŞ, Belçika və Rusiyada nümayiş etdirilib, şəxsi kolleksiyalarda yer alır.
Səma Məmmədli xalça rəssamı və dizaynerdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qruplarında Dekorativ-tətbiqi sənət fakültəsinin bədii xalça ixtisasını bitirib. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür və 2024-cü ildən "Azərxalça" ASC-də çalışır.