Tramp kameraların önündə jurnalisti təhqir etdi

31 Oktyabr 2026 13:43

ABŞ Prezidenti Donald Tramp Kanzas ştatındakı seçki mitinqini ləğv etməsi ilə bağlı sağlamlıq və yorğunluq sualı verən "Reuters" agentliyinin müxbirinə sərt reaksiya verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, jurnalistin fiziki görünüşünü və çəkisini hədəf alan Trampın bu davranışı anbaan kameralara düşüb.

Hadisə Merilenddəki Endryus Hərbi Hava Bazasında baş verib. Jurnalistlərin suallarını cavablandıran dövlət başçısına "Reuters" müxbiri Ceykob Boqac "Kanzasa getməməyinizin səyahət yorğunluğu ilə bir əlaqəsi varmı?" sualını ünvanlayıb.

Suala kəskin qəzəblənən Tramp "Belə bir sual verdiyin üçün xəstəsən. Hansı media qurumundansan?" deyə soruşub. Jurnalist "Reuters"in əməkdaşı olduğunu bildirdikdə isə ABŞ Prezidenti reaksiyasını daha da sərtləşdirib: "Sən xəstə adamsan. Yeri gəlmişkən, "Reuters" də bərbəd agentlikdir".

Müxbirin "Sadəcə səhhətinizin yaxşı olduğundan əmin olmaq istəyirdik" sözlərinə cavab olaraq Tramp jurnalistin fiziki görünüşünü hədəf alıb: "Bu oğlana baxın. Heç idman formasında deyil. İki həftədir məni izləyirsən. Özümü əla hiss edirəm. Sən biabırçısan. Özünə gəl, çox bərbad görünürsən. Bir az arıqla".

Tramp səfərin ləğvinin yorğunluq və ya sağlamlıqla heç bir əlaqəsinin olmadığını bildirib. O, Respublikaçı senator Rocer Marşallın seçki kampaniyasının onsuz da uğurla davam etdiyini, bu səbəbdən tədbirə şəxsən qatılmaq əvəzinə telefonla müraciət edəcəyini qeyd edib.

Prezidentin jurnalisti çəkisinə görə hədəf alması ölkədə geniş müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)