Dünyaca məşhur "Game of Thrones" serialında "Xayme Lannister" obrazı ilə qlobal şöhrət qazanan danimarkalı aktyor və BMT-nin xoşməramlı səfiri Nikolay Koster-Valdau Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, danimarkalı ulduz Rusiya ordusunun raket və dron hücumları zamanı həyəcan sirenlərinin işə düşməsi ilə Kiyev metrosuna sığınıb.
Aktyor təhlükə siqnalı aradan qalxana qədər yerli sakinlərlə birlikdə metro stansiyasında gözləyib, gecəni qatlanan çarpayıda istirahət edərək keçirib və ukraynalılarla xatirə şəkilləri çəkdirib.
Səfər çərçivəsində Kiyevin Podilski rayonundakı barlardan birində görünən Hollivud ulduzunun Ukraynaya gəlişinin dəqiq məqsədi hələlik rəsmi olaraq açıqlanmayıb.
2016-cı ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri olan Koster-Valdau iqlim dəyişikliyi, gender bərabərliyi və humanitar layihələrdə aktiv iştirak edir.
Qeyd edək ki, o, 2026-cı ilin fevralında Danimarka Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə də aparıcı Ukrayna müəlliflərinin əsərlərini səsləndirməklə Ukraynaya dəstəyini nümayiş etdirmişdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)