Fransa "Liqa 1"inin lideri "Paris Sen-Jermen" (PSJ) növbəti tur çərçivəsində səfərdə "Havr" komandasını 5:1 hesabı ilə darmadağın edib. Qarşılaşma həm kapitan Əşrəf Hakimi, həm də baş məşqçi Luis Enrike üçün əlamətdar hadisələrlə yadda qalıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zədəli əsas hücumçular Usman Dembele və Xviça Kvaratsxeliyanın yoxluğunda meydana çıxan parislilər 18-ci dəqiqədə Coş Majanın qolu ilə geriyə düşsələr də, tezliklə oyunda dönüş yaradıblar.
Mərakeşli sağ cinah müdafiəçisi Əşrəf Hakimi komandasının vurduğu 5 qolun hər birində birbaşa pay sahibi olub - o, karyerasında ilk dəfə het-trik edib və 2 məhsuldar ötürmə verib. Mika Qodts və Senni Mayulunun qollarında da iştirak edən 27 yaşlı futbolçu peşəkar karyerasının 486-cı matçında tarixi uğura imza atıb.
Hakimi Avropanın aparıcı 5 liqasında son 4 mövsümdə bir oyunda 5 qol epizodunda (qol və ya ötürmə) iştirak edən cəmi 4-cü futbolçu olub. "Liqa 1"də buna sonuncu dəfə 2022-ci ildə PSJ forması ilə Neymar nail olmuşdu.
Bu qələbə ilə baş məşqçi Luis Enrike parislilərin sükanı arxasında 127-ci qələbəsini qazanıb. İspan mütəxəssis Loran Blanı geridə qoyaraq klub tarixinin ən çox qələbə qazanan məşqçisi rekordunu təkbaşına ələ keçirib.
Qeyd edək ki, mövsümə uğursuz başlayan və ilk 3 oyunda cəmi 1 xal toplayan PSJ bu nəticə ilə bütün turnirlərdə ardıcıl 9-cu, çempionatda isə 6-cı qələbəsini qazanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)